ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Moldova Azərbaycanlıları Konqresi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 29 iyul - 4 avqust tarixlərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Qardaşlaşmış Qarabağ Məktəbləri” VI Yay Düşərgəsi təşkil olunacaq.
QHT.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyov şəhərində baş tutacaq düşərgədə Azərbaycandan olan şəhid övladları ilə yanaşı, Moldovada yaşayan soydaşlarımızın övladları da iştirak edəcək. Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar təlimlərə qatılacaq, eyni zamanda Moldovanın tarixi və turistik məkanlarını ziyarət edəcəklər.
Qeyd edək ki, “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində ötən ilin 20-27 dekabr tarixlərində Azərbaycanda V Qış Düşərgəsi təşkil olunub. Bu düşərgədə Azərbaycandan olan şəhid övladları və Moldovada yaşayan soydaşlarımızın övladları iştirak ediblər. Həmin düşərgənin iştirakçıları bu dəfə Moldovada keçiriləcək yay düşərgəsində bir araya gələcəklər.