Google-un açıqlamasına görə, silinmiş kanallar pro-Rusiya təbliğatı yaymaqda, Ukraynaya, NATO-ya və Qərbə qarşı sistemli şəkildə dezinformasiya və təxribat xarakterli məzmunlar paylaşmaqda ittiham olunur.
Şirkət bəyan edib ki, bu kanallar Rusiya dövləti ilə əlaqəli şəbəkələrin bir hissəsi olub və əsas məqsədləri beynəlxalq ictimai rəyə təsir etmək, informasiya müharibəsində Rusiya mövqeyini gücləndirmək olub. Onlar "YouTube" platformasında saxta hesablarla Qərb ölkələrinin siyasətini tənqid edən, Ukraynanı zəiflətməyə yönəlmiş videolar yayımlayırdı.
Google-un Threat Analysis Group bölməsi uzun müddətdir bu tip kanalları izləyir və koordinasiyalı şəkildə yayılan dezinformasiyalara qarşı texniki və inzibati tədbirlər görür. Bu dəfəki silinmə əməliyyatı da şirkətin qlobal təhlükəsizlik strategiyasının bir hissəsi kimi təqdim olunur.
Qeyd edək ki, son aylarda Qərb texnologiya nəhəngləri - o cümlədən Meta, Twitter (X), TikTok və Google - Rusiyadan qaynaqlanan informativ təsir əməliyyatlarına qarşı sərt tədbirlər həyata keçirməyə başlayıb.
Google-un bu addımı, eyni zamanda, informasiya məkanında müharibənin yeni mərhələyə keçdiyini və texnologiya platformalarının geopolitik aktor roluna çevrildiyini göstərir.Musavat.com