Səudiyyə Ərəbistanı Suriyaya 6.4 milyard dollar sərmayə qoyur, “Reuters” yazır. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih bildirir ki, ölkə daşınmaz əmlak və infrastruktur layihələrinə 2.93 milyard dollar, telekommunikasiya və informasiya texnologiyalarına təxminən 1.07 milyard dollar sərmayə qoyacaq. Nazir həmçinin əlavə edib ki, ümumilikdə 100-dən çox şirkətlə 47 müqavilənin imzalanması planlaşdırılır.
Bu, Səudiyyə Ərəbistanının Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa hökuməti ilə əlaqələrini gücləndirdiyini göstərir. Əl-Falih Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın göstərişi ilə Suriyaya gəldiyini deyib və bu səfərini “səltənətin qardaş Suriyaya qarşı möhkəm və dəstəkləyici mövqeyinin bir daha təsdiqi” adlandırıb.
“Reuters” xəbər verir ki, son bir neçə ayda Suriya Qətərlə 7 milyard dollarlıq elektrik müqaviləsi və BƏƏ-də yerləşən “DP World” şirkəti ilə 800 milyon dollarlıq müqavilə imzalayıb. Agentlik qeyd edir ki, Amerika enerji şirkətləri də ölkənin energetika sektorunun inkişafı üçün plan hazırlamağa hazır olduqlarını nümayiş etdirib.
İyulun 15-də Suriya hakimiyyəti druz silahlı qrupları ilə bir neçə gün davam edən toqquşmadan sonra Əs-Suveyda şəhərinə qoşun yeridildiyini elan edib. Ertəsi gün, iyulun 16-da İsrail Dəməşqə, eləcə də Suriyanın cənubundakı hökumət qüvvələrinə onların Əs-Suveyda əyalətindən çıxarılmasını tələb edərək zərbələr endirib. İsrail əyalətdə yaşayan druz əhalisini qorumağa çalışdığını bildirib.
İyulun 18-də ABŞ-nin Türkiyədəki səfiri Tom Barak İsrail və Suriyanın Vaşinqtonun vasitəçiliyi ilə atəşkəsə razılaşdığını bildirib. Diplomat qeyd edib ki, barışıq Türkiyə, İordaniya və digər qonşu dövlətlər tərəfindən dəstəklənib.
İyulun 19-da Suriya hakimiyyəti Əs-Suveyda əyalətində atəşkəs elan edib. Suriya prezidentinin ofisi “istisnasız bütün tərəfləri” bu qərara əməl etməyə və hərbi əməliyyatları dayandırmağa çağırıb.