Follikul donorluğu ilə bağlı yazımı oxuyan bir tanışım zəng etmişdi bir müddət əvvəl. Məktəbi bitirən kimi ərə veriblər bu qızı, evləndikdən sonra övladı olmur. Qızı hər ay müalicə adı ilə xəstəxanaya aparan qaynanası sən demə follikullarını satırmış gəlininin. Tanışım deyir məni 10-15 dəqiqəlik yatırdırdılar, elə bilirdim sonsuzluğa görə müalicə edirlər. Onu inandırıblar ki problem səndədir, uşaq ona görə olmur. 10-15 il əvvəldən danışıram. O zaman 18 yaşında olan, uzaq bir kənddən şəhərə gəlin köçmüş bir qız hardan ağlına gətirə bilərdi ki onun yumurtalarını oğurlayırlar? O yumurta, follikul nədir, heç bilmirmiş də.
Bu proses uzun müddət davam edib, ta ki qız ciddi hormonal problemlər yaşayanadək. Follikul yetişdirmək üçün o qədər hormon iynələri vurublar ki qarnında, kürəyində qalın, qara tüklər çıxmağa başlayıb, çənəsində, üzündə saqqal çıxıb. Qonşusu olan bir qadın ona iynələrdən olduğunu deyib, getməməyi məsləhət görüb. Sonralar ərindən zorakılıq gördüyünə görə ayrılıb, keçmiş əri yenidən evlənib, yenə övladı olmayıb. O zaman anlayıb özünün sonsuz olmadığını.
Mənim o yazım qabağına çıxıb, mənə ona görə zəng edib ki onun başına gələnlərlə eynidir yazıda yazılanlar. Deyir mənə də eyni şey ediblər, dedim niyə şikayət etmirsən, sənin övladların var indi bilmədiyin ailələrdə. Deyir keçmiş qaynanam da, follikulu hər ay götürən həkim də ölüb, kimdən şikayət edəcəm? Qaynanası həmin həkimin yanında tibb bacısı işləyirmiş. Adını demədi həkimin, sadəcə dedi ki bir neçə il əvvəl faciəvi şəkildə öldü qadın. Son illərdə faciəvi şəkildə ölən çox qadın həkim var ölkədə, allah bilir hansıdır.
Belə...
Yazı profilimdə var, oxumayanlar oradan oxuya bilər, şərh yerinə də qoyacam linkini. Sosial şəbəkələrdə həkimlər və asissentləri öz işlərindədir, videosunu paylaşıram o elanlardan birinin, görün necə mərhəmət sümürürlər. Özünüz də instaqramda, tik-tokda "follikul donoru" açar sözünü yazıb baxın, bu tip nə qədər video çıxacaq qarşınıza. Açıq bazardır. Nə qanundan çəkinirlər, nə də məsuliyyətdən. İnsanlar nəyi, kimi satdıqlarının fərqində deyillər.
Bizim ölkədə follikul və sperm donorluğu ilə bağlı ayrıca qanun yoxdur, “İnsan orqan və toxumalarının donorluğu haqqında” qanunda göstərilir ki, insan orqanlarının və toxumalarının alğı-satqısı yolverilməzdir. Ödəniş müqabilində hər hansı genetik materialın (o cümlədən follikulun) verilməsi qanunsuz sayılır və cinayət məsuliyyəti yarada bilər. Qanun follikul və sperma donorluğuna yalnız bir dəfə və yalnız könüllü olarsa icazə verir.
Milli Məclisdə bu məsələ qaldırılmalıdır, amma mən bu günədək bu vəziyyətdən narahat olan bircə deputatın adını görmüşəm mətbuatda - Fazil Mustafa. Başqa bir deputatın bu haqda nə bir açıqlamasına, nə bir çıxışına, nə rəyinə rast gəlmişəm.
O biri tərəfdə isə kişilər və qadınlar öz yumurta və hüceyrələrini, yəni öz uşaqlarını satırlar-700-800 manata!
Lalə Mehralı, sosioloq