“Mərd adamdır, tox adamdır, sınmaz adamdır. Bəlkə də buna görə paxılları, bədxahları çox olub”.
S.Hüseynov
Görkəmli partiya xadimi Azərbaycan KP MK-nin inzibati orqanlarla iş şöbəsinin müdiri kimi uzun illər Respublika hüquq-mühafizə orqanlarına rəhbərlik etmiş Sabir Hüseynov müsahibələrindən birində İlyas İsmayılov haqqında deyir: “Mərd adamdır, tox adamdır, sınmaz adamdır. Bəlkə də buna görə paxılları, bədxahları çox olub”.
Keçən əsrin 80-ci illərinin axırlarında siyasi hakimiyyətin səriştəsizliyi şəraitində Azərbaycanı Özbəkistana döndərmək istəyən mərkəzin qarşısında duruş gətirən yeganə şəxsə - İlyas İsmayılova qarayaxanlara başqa nə ad vermək olar?!
1983-cü ildə SSRİ məkanında pambıq istehsalının 75-80 faizini verən Özbəkistan SSR-də pambıqçılq sayəsində rəqəmlərin şişirdilməsi (pripiska) barədə Qdlyan və İvanovun başçılığı ilə istintaq-əməliyyat qrupu sonradan “Özbək işi”adlanacaq cinayət işinin istintaqını aparırdı.
Haşiyə: Pripiska sosializm quruluşunun mahiyyətindən irəli gələn hadisədir. Bu cinayətin motivi hüquq ədəbiyyatında “mənsəbpərəstlik”, “aldatma yolu ilə qabaqcıllar sırasına çıxma” və s. göstərilir. Ona görə də bu əmələ görə yüngül cəza tətbiq edilməsi nəzərdə tutulurdu. Cinayətin subyekti yalnız hesabat sənədlərində imzası olan vəzifəli səxslər hesab olunurdu (müdir və baş mühasib).
Pripiska – N.S.Xruşşovun hakimiyyəti illərində intişar etmiş və əslində ölkənin iqtisadi əsaslarını sarsıtmış, korrupsiya və rüşvətxorluğa yol açmış, ən dəhşətlisi, çox sayda işçilərin cəlb edilməsinə və bununla da insanların məfkurəsinin pozulmasına səbəb olmuşdu.
Pripiskaya görə cinayət məsuliyyətinin nəzərdə tutulması hansı zərurətdən irəli gəlirdi?
1955-ci ildə SSRİ-nin iqtisadi sistemində ciddi dəyişiklik baş verdi. 1939-cu ildən tətbiq olunan, zəhmətkeş kütlələrinin marağına uyğun olan “İqtisadiyyatın effektiv artım modeli”ndən imtina edildi. Əgər əvəllər müəsissələrarası hesablaşmalar natura ilə aparılırdısa, indi pul kütləsi ön plana keçdi. Başqa sözlə, vətəndaşların maddi rifah halının yaxşılaşdırılması davamlı olaraq gündəlik tələbat mallarının qiymətinin endirilməsi hesabına edilirdisə, 1955-ci ildən başlayaraq maaşların artırılması ön plana keçdi. Məhz həmin dövrü pripiskanın başlanğıcı hesab etmək olar. Buna baxmayaraq, pripiskanın zərərli nəticələri hələ hiss olunmurdu.
1959-cu ildə növbədənkənar çağırılan partyanın 21-ci qurultayında yaxın gələcəkdə kommunizmin maddi-texniki bazasının yaradılması ideyası irəli sürulmüşdü (7 illik plan). Sonralar subyektivizm adlanacaq bu dövrdə ardıcıl olaraq ölkənin iqtisadi qüdrətini zəiflədən qərarlar qəbul edilirdi. Belə qərarlardan biri də heyvandarlığa aid idi. Məsələn, kolxozçu ilə müqavilə bağlanırdı ki, şəxsi təsərrüfatında olan bala heyvanları böyüdüb kolxoza versin. Əvəzində kolxoz ona yem və s. verməli idi. Bala heyvanlar artıq kolxozun hesabına keçir, beləliklə, mal-qaranin sayı sürətlə artırdı. RSFSRin Ryazan vilayətində hər doğar inəyə üç baş bala düşürdü. Son nəticədə, vilayət partiya komitəsinin birinci katibi Larionov intihar etməli oldu. Yalnız bu hadisədən sonra mərkəzdə oturan “başbilənlər” hərəkətə keçdilər.
27 oktyabr 1960-cı ildə qəbul edilmiş RSFSR Cinayət Məcəlləsində və 08 dekabr 1960-cı ildə qəbul edilmiş Azərbaycan SSR Cinayət Məcəlləsində “Pripiska” ilə əlaqədar maddə yox idi. Sov. İKP MKnın və SSRİ Nazirlər Sovetinin 19 may 1961-ci il tarixli birgə qərarından sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 may 1961-ci il tarixli fərmanı ilə “Planların yerinə yetirilməsi haqqında hesabatlarda rəqəmləri artıq göstərmək və başqa təhriflər” ə görə cinayət məsuliyyəti müəyyən edilmişdi. Bu fərmandan sonra butun müttəfiq respublikalarda, o cümlədən, Azərbaycan SSR CM-nə eyni adlı 172-1 maddəsi əlavə edildi (dilimizdə kolxoz, sovxoz, komsomol sözləri kimi pripiska sözü də doğmalaşdı).
Pripiskanın bütün SSRİ-də olduğu kimi Azərbaycanda da olmasını heç kim inkar edə bilməz.
1989-cu ilədək davam edən istintaqın gedişində Sov.İKP MK-nın siyasi bürosu üzvlüyünə namizəd, Özbəkistan KP MK-nın 1-ci katibi Ş.Rəşidov ürək çatışmazlığından vəfat etdi (intihar etməsi barədə fikirlər səslənirdi). Onun yerinə seçilmiş İ.B.Usmanxocayev, L.İ.Brejnevin kürəkəni SSRİ DİNnin müavini Y.M.Çurbanov, Özbəkistan KP MKnın katibləri A.Səlimov, E.Aytmuratov, R.Abdullayev, Daşkənt Vilayət Partiya Komitəsinin 1-ci katibi Musaxanov, Fərqanə Vilayət Partiya Komitəsinin 1-ci katibi Ömərov, Buxara Vilayət Partiya Komitəsinin 1-ci katibi A.Kərimov və onu bu vəzifədə əvəz etmiş İ.Cabbarov, Namanqan Vilayət Partiya Komitəsinin 1-ci katibi N.Rəcəbov, Qaraqalpaq Vilayət Partiya Komitəsinin 1-ci katibi K.Kamalov, Surxandərya Vilayət Partiya Komitəsinin 1-ci katibi A.Kərimov, Özbəkistan SSR Nazirlər Sovetinin keçmiş sədri N.Xudayberdiyev, Namanqan Vilayət Aqrar Sənaye Birliyinin sədri A.Adilov, Özbəkistan SSR DİN-nin generalları - Yəhyayev, Norov, Norbutayev, Camalov, Səttarov, Sabirov və başqaları istintaq zamanı həbs olundular və məhkəmənin hökmü ilə uzun müddətli azadlııqdan məhrum edildilər.
İki nəfər Özbəkitan SSR Pambıqtəmizləmə Sənayesi naziri V.Usmanov və Buxara vilayət DİN-nin SƏDM şöbəsinin rəisi A.Müzəffərov ölüm cəzasına məhkum edildilər və hökm icra olundu. İstintaq zamanı həbsə alınan yüksək vəzifəli şəxslərdən K.Erqaşov, Q.Davudov, R.Qaipov intihar etdilər.
Həmin iş üzrə adları sadalanmayan yüzlərlə insan, o cümlədən, rayon miqyaslı partiya, sovet və təsərrüfat rəhbərləri həbsə alındı. Onminlərlə insan “istintaq boyunduruğundan” keçməli oldu.
Özbəkistan müstəqillik əldə etdikdən sonra, 25 dekabr 1991-ci ildə-SSRİ-nin tarix səhnəsindən silinməsindən bir gün əvvəl prezident İ.Kərimovun sərəncamı ilə həmin işlər üzrə məhkum olunanların hamısı əfv edildi.
Bu siyahını ona görə yada salıram ki, keçən əsrin 80-ci illərində Respublika prokurorluğunda başlanmış pambıq işləri ilə əlaqədar İlyas müəllimi günahlandıranlar, əsasən, həmin dövrdə yüksək vəzifə sahibləri olmuş məmurlardır. İstərdim hamı bilsin ki, İlyas müəllim bu cənabları hansı təhlükədən qurtarıb. Görəsən bizdə eyni əməllə məşğul olan beş-on təsərrüfat rəhbərindən başqa hansı yüksək ranqlı məmur həbsə alındı?!.
SSRİ DİN-nin Şəmkirdə apardığı cinayət işi üzrə RPK-nin 1-ci katibi Vəliyev, Azərbaycan SSR Pambıqçılıq Sənayesi Naziri Salmanov, həmçinin onlarala vəzifəli şəxs - RİK-nin sədrinin müavini, Rayon Daxili İşlər Şöbəsi rəisinin müavini, Rayon Maarif Şöbəsinin müdiri, 13 kolxoz sədri, həmin kolxozların baş mühasibləri, baş aqronomları, baş zootexnikləri, bir neçə briqadir həbs olunaraq məhkəməyə verildi. Təkcə RPK-nin 1-ci katibi Vəliyevin mühakimə olunduğu cinayət işində 27 nəfər müttəhim var idi. İş üzrə şahidlər Bakı şəhərində aparılan məhkəmə iclasına vaqonlarla gətirilirdi. Şəmkirdə eyni vaxtda 6-7 məhkəmə heyəti iclas aparırdı. İstintaq əməliyyat qrupunun 120 nəfərlik heyəti rayonda ağalıq edir, yüzlərlə sadə insan incidilirdi. Həmin dövrdə Şəmkirdə təsərrüfat işləri ilə əlaqəsi olmuş insanlar uzun illər səksəkədə yaşadılar...
İş o həddə çatmışdı ki, barəsində axtarış elan olunmuş RMŞ-nin müdirinin tapılmamasında rayon prokuroru Əli Əliyevi günahlandırırdılar. Prokuror bu barədə İlyas müəllimə məruzə edərkən O, hiddətlənmiş və əsəbi halda, - Sən hec nədən çəkinmədən qanuni işini gör, - demişdi.
İlyas müəllimin vətənə, xalqa, millətə göstərdiyi saysız-hesabsız xidmətlərdən ən önəmlisi, şübhəsiz ki, bəzi qara qüvvələrin onu ittiham etdiyi, əslində minlərlə soydaşımızı əsil repressiyadan qurtardığı pambıq işləridir.
Onun xidmətini tərsinə çevirənlərə professor Əbülhəsən Abbasovun sözləri ilə cavab vermək istəyirəm:
“Naxçıvan” qəzeti İlyas İsmayılovu nəzərdə tutaraq belə yazır: “O, şəxsi maraq və istəkləri naminə çox vaxt mənsub olduğu xalqı zərbə qarşısında qoymuşdur. O, Baş prokuror olduğu dövrdə vəzifədə qalmaq xatirinə rus ağalarının və kosmopolit Ə.Vəzirovun sifarişlərini yerinə yetirərək, Azərbaycan xalqının fədakar əməyini yerə vuraraq neçə-neçə əmək adamını, əliqabarlı zəhmətkeşi cinayətkar adlandıraraq həbsxanalara salmaqdan çəkinməmişdir”. Çox böyük səhv edirsiz, cənablar! Birincisi, İlyas İsmayılov heç vaxt sifarişlə işləməyib və sizin kimi “ağalara” qulluq göstərməyib. Qul-ağa psixologiyası onun təbiətinə ziddir, bunu bütün şüurlu fəaliyyəti dövrü öz işi və davranışı ilə sübut edib. İkincisi, o, əliqabarlı insanların qənimi yox, müdafiəçisi olub, çünki özü əliqabarlı adamdır, zəhmətə, haqqa, ədalətə qiymət verən şəxsiyyətdir. Üçüncüsü, qeyd etdiyiniz dövrdə İlyas İsmayılov ayrı-ayrı cinayətkarları, patoloji cəmiyyət düşmənlərini “həbsxanalara salmaqla” səhv etməyib. Onun elə başlıca səhvi onda olub ki, cəmiyyətin lümpenləşməsinə, mafiozlaşmasına baş vurmuş qara qüvvələri kifayət qədər yerində oturtmayıb (bəlkə də, buna Ə.Vəzirov kimi yarasız bir “rəhbərin” ucbatından nail olmayıb). Budur İlyas İsmayılovun əsas günahı və çox güman ki, bunu o özü də etiraf edər, çünki yüksək intellektə və güclü iradəyə malik adamdır. Belə şəxsiyyətlər isə öz səhvlərini etiraf etməyi bacarırlar.”
Şəmkirdəki istintaq əməliyyat qrupu Azərbaycanın digər rayonlarına da girmək istəyirdilər. Bu məsələ ilə əlaqədar Respublikanın Əməkdar hüquqşünası İdris Əsgərovun mətbuatda dərc olunmuş, faktlara söykənən fikirləri maraqlıdır: “...SSRl Daxili İşlər Nazirliyinin istintaq qrupunun Respublikadan qovulması və minlərlə soydaşımızın həbsdən xilası İlyas İsmayılovun şəxsi nüfuzu və yenilməzliyinin nəticəsi idi. Şamxor üzrə Moskva istintaqçıları ilə onun ilk görüşü mənim yanımda oldu. Birdən-birə bir neçə nəfərin həbsinə icazə istəyən müstəntiqlərin vəsatətini o, qətiyyətlə rədd etdi.
Sərt keçən bu danışıqdan belə bir dialoq yadımdadır.
... – Siz bu cinayətkarların həbsinə icazə vermədiniz, biz bu icazəni SSRİ Baş Prokurorundan alarıq!
– Onlar cinayətkar olmadığına görə, Baş prokuror da onların həbsinə icazə verməz!
– Baş prokuror icazə verməzsə, Baş katibə müraciət edərik!
– Baş katib, ümumiyyətlə, həbsə icazə verə bilməz!
– Baş katib ondan da kəsərli göstəriş verə bilər. Siz bu məsələnin siyasi cəhətini nəzərdən qaçırırsınız!
– Qanunun tətbiqi işini siyasətə qarışdırmayın! 1937-ci ildə bunun acı nəticələrini xalqımız görüb!
Elə buradaca yüksək tezlikli telefon rabitəsilə istintaqın rəhbəri SSRİ Daxili İşlər naziri ilə əlaqəyə girdi. Bundan cəmi bir neçə dəqiqə sonra SSRİ Baş prokurorunun müavini İlyas İsmayılova zəng çaldı. Bu danışıqda İ.İsmayılov israr etdi kı, Azərbaycanda pambıq işləri üzrə istintaq aparmağa respublikanın özündə kifayət qədər imkan var. O, öz fikrini əsaslandıraraq deyirdi ki, uzunmüddətli ezamiyyə xərcləri ilə Moskvadan gələn müstəntiqlər camaatla ünsiyyətə tərcüməçilər vasitəsi ilə girişirlər. Biz isə xalqla onun öz doğma dilində danışırıq.
Beləliklə, Moskva müstəntiqlərinin bu sahədəki fəaliyyəti “Şamxor işi” ilə bitdi. Bundan sonra İlyas İsmayılov pambıqçılıq sahəsində hesabatların şişirdilməsində bilavasitə istifadə edilən çoxsaylı briqadirlərin, manqa başçılarının məsuliyyətə alınmaması haqqında rəsmi məsələ qaldırdı və buna nail oldu.”
Mən şəxsən şahidiyəm ki, SSRİ Baş Prokurorluğu respublikamızda da pambıq “pripiskalarını” yoxlamaq üçün 70, yaxud 90 müstəntiq (sayını tam xatırlamıram) ayırmış və bu barədə Azərbaycana məktub göndərmişdi. Həmin vaxt mən Cəlilabadda prokuror işləyirdim. Bizim də bir işçimiz - müstəntiq “pambıq işini” araşdıran istintaq qrupuna daxil edilmişdi. Müstəntiqi geri qaytarmaq üçün İlyas İsmayılovun yanına getmişdim. Qısa söhbətdən sonra, o, seyfin qapısını açıb içərisindən SSRİ Baş Prokurorluğundan gələn həmin məktubu mənə uzatdı və oxumağımı istədi. Oxudum, məktubda “pambıq işini” yoxlamaq üçün Moskvadan gələcək müstəntiqlərin qarşılanması, yerlə təmin olunması xahiş edilirdi. Oxuyub qurtarandan sonra İlyas müəllim mənə ikinci məktubu uzatdı. Özünün SSRİ Baş Prokurorunun müavininə yazdığı cavab məktubu idi. Məktubda qeyd olunurdu ki, “Diqqətinizə görə sağ olun. Amma biz öz daxili imkanlarımız hesabına bu işlərin öhdəsindən gələcəyik”.
İlyas müəllimin cəsarətinin, vətənpərvərliyinin nəticəsidir ki, Respublika prokurorluğunda aparılan işlərin çoxusu məntiqi sonluğa yetişmədi.
O, SSRİ Baş prokuroruna ünvanladığı 30 aprel 1990-cı il tarixli məktubunda yazırdı: “...Məhkəməyə göndərilmiş işlər üzrə bu cinayətlərə sövq edilmiş çoxsaylı sıravi işçilər - kolxozçular, briqadirlər, aqronomlar və mühasibat işçilərinin məsuliyyətə alınması müvafiq bilinməmiş və onların haqqında cinayət işlərinə xitam verilmişdir”. ...Bundan sonra da 101 təsərrüfat üzrə istintaq aparılmalıdır. Lakin bu təsərrüfatlar üzrə vəzifəli şəxslərin işdən azad olunduqlarını, sıravi işçilərin işə bu cinayətlərə başqaları tərəfindən cəlb edildiklərini nəzərə alaraq bütün bu işlərə xitam verilməsi haqqında qərar qəbul etmişəm”.
Qeyd: Təəsüf hissi ilə bildirirəm ki, xitam olunan cinayət işlərinin istintaqını aparan, müstəqillik dövründə vəzifəcə böyüyən bəzi müstəntiqlər və onların rəisləri “dişlərinə bir şey dəymədiyinə görə” İlyas müəllimin bu cəfakeşliyindən narazı qalmışdılar.
İlyas müəllimin millət sevgisi bizləri də ruhlandırır, nə gizlədim, bəzən prokuror funksiyasını aşan hərəkətlər etməyə sövq edirdi.
Haşiyə: Moskva Azərbaycanda təkcə pambıqçılıq sahəsində deyil, digər sahələrə də hücum planı hazırlamışdı. Keçən əsrin 80-ci illərində Cəlilabad rayonu üzümçülük sahəsində böyük nailiyyətlər əldə etmişdi. Hər il 250 min ton üzüm istehsal olunurdu. Ulu Öndər Heydər Əliyevin Cəlilabadın kənd əməkçilərinə və RPK-nin 1-ci katibi İbrahim Qurbanova xüsusi münasibətinin nəticəsi idi ki, Respublika rəhbəri olanda hər il Cəlilabada gəlirdi.
8 iyul 1986-cı ildə saat 11:00 radələrində milis rəisi Sədr Mirzəyev məlumat verdi ki, 4 nəfər SSRİ DİN-nin əməkdaşı, 20 nəfər respublikanın müxtəlif rayonlarından SƏDM əməkdaşı və 20 mütəxəssislə, 8 mağazada eyni vaxtda yoxlamaya başlayıblar. Üç günlük yoxlama nəticəsində cəmi bir mağazada qiymətdə aldatma faktı aşkar etmişdilər. Adətən rayona yoxlama gələrkən raykoma və prokurora məlumat verirdilər. Bu dəfə isə “qonaqlar” yoxlamaya başladıqdan sonra, milis şöbəsinə gəlib, qeydiyyatdan keçmişdilər.
11 iyulda İ.Qurbanov mənə zəng etdi. “Qonaqların” onun yanında olduğunu, mənim də söhbətdə iştirakımın zəruriliyini bildirdi. Mən katibin kabinetinə girib “qonaq”la baş işarəsi ilə salamlaşdım. Yoxlamanın rəhbəri Reşetnyak Nikolay Stepanoviç əynində cins şalvar və qısa qollu köynək, ağzında siqaret, ayağı ayağının üstündə, çox ədalı formada oturmuşdu. Katib təqdim edəndə heç mənə tərəf baxmadı. Reşetnyakdan soruşdum:
- Prokurorluğa niyə gəlməmisiniz? Sabah axtarış lazım olsa, kimdən icazə alacaqsınız?
Onun cavabı sərt oldu:
- Mən sizə hesabat verməliyəm?! Sanksiya lazım olsa, sənədləri göndərəcəyəm, razılıq verəcəksiniz. Bəlkə də Sizdən sanksiya almağa ehtiyac olmayacaq!
Mən də eyni sərtliklə:
- Bir həftə bundan əvvəl 4 mağaza yoxlayıb, 4 cinayət işi başlamışam. Siz bir dəstə adamla 8 mağazada yoxlama aparıb cəmi 1 cinayət faktı aşkar etmisiniz. Məndə məlumat var ki, Sizin yoxladığınız mağazalarda çatışmazlıq faktları olub, lakin ört-basdır edilib. Həmin mağazalarda təzədən yoxlama aparacağam və yəqin ki, bir neçə cinayət faktı aşkar edə biləcəyəm, - dedim və kabineti tərk etdim.
N.Reşetnyak çox pərt olmuşdu. On dəqiqə sonra o, milis rəisi S.Mirzəyevlə otağıma gəldi və məndən üzr istədi. Sonra biz “qonaqlar”ı götürüb yeməyə getdik. Həmin gündən “qonaqlar” bizsiz çörək yemirdilər.
Nə gizlədim, axşam süfrəsində onların sabahkı planlarını milis rəisi və ASB-nin rəisi Vəkil Zeynalov bilir və müvafiq “qabaqlayıcı tədbirlər” görürdülər.
Altı sovxozda heyvandarlıq və quşçuluq fermalarında aparılıan yoxlamalar heç bir nəticə vermədi. İki şərab zavodunda da yoxlama aparmaq istəyirdilər. Prokurorluqda CM-nin 88-1 maddəsi ilə istintaq olunan cinayət işinə əsasən, arayış verdim ki, həmin şərab zavodları üzrə sənədlər cinayət işinə əlavə olunmuşdur və istintaq davam edir. Beləliklə, 22 günlük yoxlama nəticəsində cəmisi bir xırda cinayət faktı aşkar edən, Şəmkirdə daşı-daş üstünə qoymayan N.Reşetnyak Cəlilabaddan əliboş göndərildi.
İ.Qurbanov yoxlamadan sonra gileylənirdi ki, MK rəhbərliyindən, hətta şöbə müdiri və təlimatçı səviyyəsində zəng edib, vəziyyətlə maraqlanan olmadı.
Doğrudan da, rəhbərlikdən yalnız Respublika prokuroru İlyas İsmayılov yoxlamanın gedişi ilə maraqlanırdı. Mən qonşu Masallı və Puşkin rayonlarından ona hər gün zəng edib, ümumi vəziyyəti məruzə edirdim. Yoxlamadan sonra növbəti kollegiyada mənə dedilər ki, İlyas müəllim çağırır. Kabinetə girən kimi xoş təbəssümlə ayağa qalxdı. Qapı ağzında mənimlə olduqca səmimi görüşdü.
- Kamran Bağırovla hər gün Cəlilabaddakı vəziyyəti müzakirə edirdik. Sənin fəaliyyətindən çox razıyıq. Siz hamılıqla qəhrəmanlıq göstərdiniz, dedi və əlini yuxarı qaldırıb (H.Əiyevi nəzərdə tuturdu): - Kişinin də xəbəri var idi, - dedi.
Oxucu düşünməsin ki, İ.İsmayılov və tabe prokurorlar cinayətkarlığa göz yumur, mübarizə aparmırdılar, əsla!
İlyas müəllimin prinsipi bu idi ki, ruslara fakt verib, xalqın taleyinə biganə qalmaq olmaz. Cinayət və cinayətkarlıqla özümüz öz daxili imkanlarımız hesabına mübarizə aparmalı, profilaktik tədbirləri gücləndirməliyik.
Profilaktik tədbirlər və onun nəticələri ilə əlaqədar bir hadisəni danışmaq istəyirəm:
1985-ci ilin aprel ayının əvəlləri idi. İki həftə idi ki, Cəlilabad rayon prokuroru kimi işə başlamışdım. Pokrovka kəndi ərazisində yerləşən Moskva sovxozunun heyvandarlıq fermasına baş çəkdim. Sovxoz direktoru Həmzə Nəsirov və müavini məni müşaiyət edirdilər. Heyvanlar çox arıq idi. Sovxoz direktoru ilə aramızda təxminən belə dialoq baş verdi.
- Gündə nə qədər süd istehsal edirsiniz?
- Hər gün 1500 litr.
- Neçə baş sağmal inəyiniz var?
- 110 baş.
- Qarnı belinə yapışan bu inəklər gündə 14-15 litr süd verənə oxşamır axı?!
- Pripiska edirəm.
- Gündə neçə litr süd pripiska edirsiniz?
- Hər gün orta hesabla 1000 litr süd alıram.
- Pulu haradan tapırsınız?
- Yemi satıb, pulunu zavoda verib, əvəzində süd yazdırıram.
- Qorxmursunuz ki, haqqınızda cinayət işi başlayıb, Sizi həbs edərəm?
- Onsuz da bizi tutacaqlar. Nə fərqi var? Tutulacağamsa, sənin kimi cavan oğlanın əli ilə tutulum.
Həmin zamanlar “Moskva” sovxozu da daxil olmaqla, rayonun bir neçə üzümçülük təsərrüfatının vəzifəli şəxsləri barədə 1983-cü ildən DİN-nin istintaq qrupu tərəfindən cinayət işininin istintaqı aparılırdı.
- Pripiskasız süd planı vermək olmaz? – soruşdum.
- Niyə olmur. Malın südü ağzındadır. Yemi satmayıb vaxtlı-vaxtında mala yedizdirsən, qulluq göstərsən, istədiyin südü ala bilərsən, - dedi.
- Pripiska olmasa, keçən ilki gündəlik səviyyəyə hansı müddətə çata bilərsiniz?
- Üç aya. İyul ayının əvvəlindən keçən ilki səviyyəyə çatıb, ilin axırına halallıqla keçən ilkindən də artıq süd planı verərəm.
- Bu gündən pripiska etmirsiniz!
- Baş üstə! Ancaq bir xahişim var sizdən, hər ayın 4-ü və 17-sində rayonda keçirilən heyvandarlıq müşavirəsində imkan verməyin məni tənqid və təhqir etsinlər.
- Arxayın olun, Sizi heç kim təhqir etməyəcək. Amma sözünüzü tutmalısınız!
- Razılaşdıq!
İndi, gəlin, heyvandarlıq sahəsində pripiskanın gedişini izləyək. Kolxoz və ya sovxoz rəhbərliyi əvvəlcə qorxa-qorxa yem satıb süd almağa başlayır. Yuxarıdan gələn hər bir telefon zəngi onu narahat edir. Yemin satılması ilə əlaqədar görən olanda ağzını yumur. Pul onun üçün qalxan rolunu oynayır. Bir müddət belə davam edir. Günlərin birində əlahəzrət tamah – mən də varam - deyir. Əsl mərəkə bundan sonra başlayır. Pripiskada iştirak edən xırda işçilər də pay umur. Daha sonra pripiskaya vadar edənlər, biz də varıq, - deyirlər. Nəhayət, ən dəhşətlisi - insanın öz taleyinə biganəliyi - başlayır. “Hamı necə, mən də elə”, “Elnən gələn bəla toy-bayramdır” deyimi ilə özünə təskinlik verir. Artıq geriyə yol yoxdur. Ya müəyyən edilmiş qaydalarla işləməlisən, ya da məhbus olmalısan.
Oxucu haqlı olaraq soruşa bilər ki, prokuror kimi gördüyünüz, bildiyiniz faktla əlaqədar niyə tədbir görmürdünüz? Cinayət işi başlayıb təqsirkarları məsuliyyətə cəlb etmirdiniz? Haqlı sualdır. Onda, gəlin, məsuliyyətə cəlb olunacaq şəxslərin dairəsini müəyyən edək. Sovxozun direktoru və baş mühasibi, 2 ferma müdiri, zootexnik, baytar həkim, yem anbarının müdiri, yemin daşınmasında iştirakı olan iki-üç sürücü, əvvəlcədən vədələşib yem alanlar (N sayda, amma biz 10 nəfər qəbul edək). Beləliklə, bir sovxozda ən aşağısı 20 nəfər cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Pripiska süd zavodu vasitəsi ilə həyata kecirilir. Süd zavodunun direktoru, müavini, baş mühasib, qəbuldar, texnoloq, yağ və pendir ustaları, İstehsalat şöbə müdiri, laborantlar – 2 nəfər, saxta qaimə yazan mühasib köməkçiləri, təhkimçilər -cəmisi 20 nəfər.
Rayon statistika idarəsinin 4 işçisi, rayon ASB-nin rəisi, baş mühasibi, baş zootexnik, baş baytar həkim, baş iqtisadçı, baş mühasib köməkçiləri - cəmi 8 nəfər.
Cəlilabadda 28 sovxoz var idi. Pripiska bütün təsərrüfatlarda mövcud idi. Birində çox, birində az. Deməli, yüzlərlə adam məhkum olmalı, minlərlə ailə üzvləri əzab çəkməli idi. İndi özünüz deyin, cinayət işi qaldırılması nə dərəcədə məqsədə müvafiq idi?!
Səhərisi gündəlik məlumatda 1500 litr süd planı verən Moskva sovxozu zavoda cəmi 410 litr süd göndərmişdi. İki gündən sonra 430 litr və nəhayət ayın 17-də 500 litr süd təhvil verilmişdi. İclasda Həmzə kişini ayağa qaldırmadılar. Yalnız bunu deməklə kifayətlənildi ki, Moskva sovxozu süd planında rayonu 17 ton geri cəkib.
Mərkəzi Komitənin əlaqədar şöbələrindən tez-tez birinci katibə zəng edib hesabat və izahat tələb edirdilər. Lakin ilin sonuna Moskva sovxozu pripiska ilə olan göstəricidən 4 ton artıq süd planı vermişdi.
Bu hadisə rayonun gələcək həyatında böyük rol oynadı. Digər sovxoz direktorları Həmzə kişinin təcrübəsindən ustalıqla istifadə edərək, 1987-ci ilin sonuna heyvandarlıqda pripiska bəlasından qurtuldular (mən bunu özüm üçün ən fərəhli hadisələrdən biri hesab edirəm).
Taleh belə qismət elədi ki, Mərkəzi Komitədən zəng edib I katib Ibrahim Qurbanovdan izahat tələb edənlərdən biri 1988-ci ilin Yanvar ayında Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi seçildi. Ilk tədbiri rayonda heyvandarlığın vəziyyətini araşdırmaq oldu. Təsərrüfatların heç birində “pripiska” aşkar edə bilməməsindən pərişan olan Birinci katib axıra qədər mənimlə rəsmi işlədi.
İ.İsmayılovun fəaliyyətinin əsasını təşkil edən ədalətlilik və vətənpərvərlik uğrunda mübarizədə, o, heç bir çətinlikdən qorxmadan, karyerasını təhlükə altına qoyaraq, ən cəsarətli addımları atmaqla Respublikamızı dəfələrlə ağır bəlalardan qurtarmışdır.
1988-ci ildə Azərbaycan rəhbərliyinin xahişi və Mixayil Qorbaçovun göstərişi ilə Azərbaycana Moskvadan “əliyevçilər”lə bağlı 162 nəfərlik əməliyyat istintaq qrupu göndərilmişdi. Qrupa SSRİ Daxili İşlər Nazirliyindən general Aslambek Aslaxanov, SSRİ Baş prokurorunun müavini Aleksandr Katusev rəhbərlik edirdi. O vaxt Bakıya gələn əməliyyat istintaq qrupunun fəaliyyəti heç bir qanuni, hüquqi normaya sığmayan üsul və metodlarla aparılırdı. Məqsəd hansı yolla olursa-olsun Heydər Əliyevə və onun ən yaxın ətrafına qarşı ifadələr almaq, təqsirləndirici materiallar toplamaq idi. Həbs olunanlar hamısı Şüvəlanda yerləşən istintaq təcridxanasında ayrıca korpusda saxlanılırdılar və onlara qarşı əməliyyat-istintaq qrupu tərəfindən hər cür işgəncə və amansızlıq tətbiq edilirdi. O zaman bu özbaşınalığın və qanunsuzluğun qarşısını almaq üçün ilk dəfə olaraq öz rəsmi etirazını bildirən şəxs Azərbaycan SSR prokuroru İlyas İsmayılov oldu. İlk dəfə İlyas müəllim açıq və cəsarətli şəkildə öz mövqeyini ortaya qoydu və bu qanunsuzluğun qarşısının alınmasını tələb etdi.
Bu addım həmin dövrdə SSRİ miqyasında bir məmurun sərgilədiyi görünməmiş bir cəsarət idi. Onu da qeyd etməliyəm ki, istintaq qrupunun Heydər Əliyevə qarşı ifadələri qanunsuz üsullarla toplamasını ilk dəfə sənədləşdirən və bu barədə İlyas İsmayılovu məlumatlandıran, ona müraciət edən o zaman İslah Əmək Müəssisələrinin Baş idarəsinin rəisi olan peşəkar əməliyyatçı, cəsarətli polkovnik Əzim Piriyev olmuşdur. İlyas İsmayılov bu məlumatı alan kimi, dərhal həmin təhqiqat materiallarını tələb etmiş və 1989-cu ilin mayında öz imzası ilə SSRİ əməliyyat-istintaq qrupunun qanunsuz əməllərinə qarşı cinayət işi başlatmışdır. O dövrdə İlyas müəllimin bu cəsarətli qərarı SSRİ miqyasında böyük sensasiyaya səbəb olmuşdu. SSRİ-nin tabeliyində olan bir respublika prokurorunun İttifaqın əməliyyat-istintaq orqanlarının əməkdaşlarına qarşı cinayət işi başlatması o dövrün ən böyük məmur, özü də yüksək çinli vəzifəli məmur cəsarəti idi. Nəzərə alaq ki, o dövrlərdə SSRİ Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun istintaq əməliyyat qrupu Özbəkistanda heç bir müqavimətə rast gəlmədiyindən öz qərəzli və məqsədli istəklərinə tam nail oldular.
O, çox təvazökar insan idi...
...Tanıyanlar bilir ki, İlyas müəllim həddindən artıq təvazökar adam olub. O, etdiklərini dilə gətirməyi sevmirdi. Lakin ədalət tapdalanıb ayaq altına atılanda, təbii ki, cavab verirdi.
Mövzu ilə əlaqədar olduğundan Onun Milli Məclisdə çıxışından bir hissəni oxucuların diqqətinə çatdırıram:
“...İndi, icazənizlə, bir iki kəlmə mənə atılan böhtanlardan danışmaq istəyirəm.
Mən çox şadam ki, Hörmətli Prezidentimiz iştirak edir burada.
Dünən deyildi ki, pambıq işlərinin istintaqını aparmışam, camaata əziyyət vermişəm. Mən bu fəaliyyətimdən çox razıyam. Birnci, prokuror cinayətkarlığa qarşı mübarizə aparmalıdır. Mən qatı cinayətkarlara qarşı mübarizə aparmışam. Riski üzərimə götürərək, bir nəfər də olsun, siravi adamın məhkum olunmasına imkan verməmişəm. İkinci, ən əsası, üzr istəyrəm, mən öz fəaliyyətimdən Prezident olan yerdə danışmaq istəməzdim, amma mərdi qova-qova namərd edirlər. Mən çalışmışam ki, Moskvanın Azərbaycana girməsinə imkan verməyim. Moskva Azərbaycana girmək istəyirdi. Şamxora girmişdi. SSRİ DİN-nin əməkdaşları istintaq aparırdı. Ordan Azərbaycanın bütün rayonlarına girmək istəyirdilər. Azərbaycanı böyük bir təhlükə gözləyirdi. Mən bu fəaliyyətimlə fəxr edirəm. Özüm iş aparmışam. Mərkəzin daxil olmasına imkan verməmişəm. Az ziyanla böyük ziyanın qarşısını almışam!”
Ardı var...