AZ

"Prezident kimi İlham Əliyevin ən böyük uğuru və xoşbəxtliyi xalq tərəfindən sevilməsidir"

Üçüncü dəfədir Qarabağda keçirilən nüfuzlu Şuşa Qlobal Media Forumu artıq ənənəvi xarakter alıb. Foruma qatılan qonaqların, media qurumlarının sayı hər il artmaqdadır. Bu, onu deməyə əsas verir ki, beynəlxalq media qurumları Şuşa Qlobal Media Forumuna böyük əhəmiyyət verir və tədbirdə müzakirəyə çıxarılan mövzular dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva  qəzetimizə açıqlamasında bildirib ki, Şuşa Qlobal Media Forumu bu dəfə də dünyada baş verən hadisələrin açıq müzakirəsinə böyük ehtiyac olduğunu göstərdi: "Bu gün dünyada hadisələr sürətlə inkişaf edir və bu qlobal məsələlər ən aktual mövzu kimi gündəmə gəlir. Forumda çıxış edən Prezident İlham Əliyev tədbirin iştirakçıları olan media qurumlarının nümayəndələrinin müxtəlif suallarını cavablandırdı. Dövlət başçısı Azərbaycanın dövlətlərin müstəqilliyini və ərazi bütövlüklərini daim dəstəklədiyini vurğuladı. Prezidentimizin çıxışını təhlil edən beynəlxalq siyasətçilər və nüfuzlu KİV bir daha dövlət başçısının böyük siyasi xadim, güclü diplomat olduğunu etiraf etdilər".

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyev hərbi, siyasi meydanda olduğu kimi, informasiya məkanında da liderdir: "Hətta ölkəmizin uğurlarını, onun başçısının liderliyini gözü götürməyənlər də İlham Əliyevin böyük siyasətçi olduğunu inkar edə bilmirlər. Amma bir dövlət başçısının ən böyük uğuru və xoşbəxtliyi xalqı tərəfindən sevilməsidir ki, bu baxımdan da ona hər bir həmkarı həsəd apara bilər".

K.Əliyeva qeyd edib ki, III Şuşa Qlobal Media Forumundan sonra tədbirdə iştirak etmiş nüfuzlu media orqanlarının nümayəndələrinin, siyasi şərhçilərin, analitiklərin dövlətimizin başçısı haqqında söylədikləri yüksək fikirlər və rəylər də bunu təsdiqləyir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
128
azerbaijan-news.az

1Mənbələr