İsrailin Baş naziri Benyamin Netanyahu Fransa hakimiyyətinin Fələstin dövlətini rəsmən tanımaq qərarını kəskin tənqid edib...
Poliqon AFP-yə istinadlaxəbər verir ki, Netanyahuya görə, bu qərar "terrora mükafat vermək" anlamına gəlir və İsrailin mövcudluğuna birbaşa təhdiddir. Baş nazirin sözlərinə görə, bu addım ölkənin "məhv edilməsi üçün tramplin" yaradır.
“Gəlin məsələni aydınlaşdıraq: fələstinlilər İsrailin yanında bir dövlət qurmağa çalışmırlar; onlar İsrailin yerində bir dövlət qurmaq istəyirlər”, – deyə Netanyahu bildirib.
İsrailin xarici işlər naziri Gideon Saar da Netanyahunun sərt mövqeyini dəstəkləyib. O, bildirib ki, “Fələstin dövləti əslində HƏMAS dövləti olacaq”. Baş nazirin müavini Yariv Levin Fransanın qərarını “terrorizmə birbaşa yardım” və “Fransa tarixində qara ləkə” adlandırıb. Müdafiə naziri İsrael Kats isə bəyan edib ki, İsrail “bizim təhlükəsizliyimizə zərbə vura biləcək fələstinçi qurumun yaranmasına imkan verməyəcək”.
Fələstini tanımaq qərarı ilə bağlı Fransanın prezidenti Emmanuel Makron bir gün əvvəl çıxış edib. O, bu qərarın sentyabr ayında BMT Baş Assambleyasında rəsmiləşdiriləcəyini bildirib. Makronun sözlərinə görə, bu addım Yaxın Şərqdə təhlükəsizliyə töhfə verə bilər.
Poliqon.info