AZ

Zəngəzur dəhlizinə nəzarətin ABŞ tərəfindən idarə olunması Cənubi Qafqazda tarixi geosiyasi dəyişikliklər gətirə bilər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Cənab Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda ABŞ Prezidenti Trampa, onun hakimiyyətinə və siyasətinə yüksək dəyər verdiyini göstərən ifadələr səsləndirdi. O, Donals Trampın qlobal miqyasda siyasətini, o cümlədən Cənubi Qafqaz siyasətini praqmatik və müsbət qiymətləndirdi, Trampın şəxsi keyfiyyətlərindən biri kimi ailə dəyərlərinə baxışlarının Azərbaycanın milli dəyərləri ilə uyğunluq təşkil etdiyini, bütün bu səbəblərlə iki ölkə arasındakı münasibətlərin gələcəkdə inkişaf perspektivlərinin olduğunu bəyan etdi. Belə ki, Donald Tramp hakimiyyətə gələndən sonra mövcud müharibələri sonlandırmaqla bağlı vədini realpolitik səbəblərlə yerinə yetirə bilməsə də, həqiqətən də dünya miqyaslı hər hansı yeni bir müharibə başlamayıb; mövcud bir sıra regional gərginliklər (Hindistan-Pakistan, İsrail-İran hərbi toqquşmaları və s.) ABŞ-ın dəstəyi ilə sonlandırılıb. O cümlədən, Bayden Administrasiyası dövründə kollektiv Qərbdə (ABŞ və Avropada) Azərbaycana qarşı pik həddə çatan isterik vəziyyət sonlandırılıb. Belə ki, 2020-2024-cü illərdə, xüsusilə Vətən müharibəsindəki şanlı qələbəmizdən sonrakı dövrü vurğulamaqla, ABŞ Konqresində, Avropa Parlamentində, Avropanın müxtəlif qurumlarında ölkəmiz əleyhinə qəbul edilən qətnamələri, çağırışları qeyd etmək olar”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Bayden dövründə Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin bərpa edilməsi, ölkəmizin AŞPA-da fəaliyyətinin dondurulmasını bu təzyiqlərin real nəticələri adlandırmaq olardı.

Şəhla Cəlilzadə

“ABŞ Konqresinə Azərbaycana qarşı ermənilərin təzminat iddiasını nəzərdə tutan qətnamə layihəsinin təqdim olunması (qəbul olunmamışdırsa da), ABŞ-la Ermənistan arasında “Strateji tərəfdaşlıq haqqında” sazişin tələm-tələsik də olsa imzalanması xatırlana bilər. Bunlar, Baydendən sonrakı dövr üçün bir irs yaratmaq, ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlərini tamamilə yeni perspektivə (ermənipərəst mövqeyə) daşıyacaq hüquqi-siyasi bazis hazırlamağa hesablanmışdı.

Cənab Prezident öz çıxışında “Vaşinqton bataqlığının qurudulması” ifadəsini işlədərkən, bu hüquqi-siyasi bazisin qurudulmasını nəzərdə tuturdu. Həqiqətən də bu istiqamətdə əməli addımlar atılmaqdadır. Belə ki, Tramp hakimiyyətə qayıdandan dərhal sonra birinci hakimiyyət dövründə olduğu kimi praqmatik, balanslı siyasətə geri döndü. Təsadüf deyil ki, Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana yardımları ilk dəfə bloklaya bilməmişdisə, Tramp hakimiyyətə gələndən sonra bloklaya bildi. 2025-ci ilin əvvəlindən bəri Azərbaycanın Avropa platformalarında iştirakı yetəri qədər yüksək səviyyədədir. Azərbaycan və ABŞ arasında liderlər səviyyəsində qarşılıqlı etimad, müsbət siyasi ab-hava səbəbilə qarşıdakı dövrdə iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyması gözlənilir”-deyən politoloq qeyd edib ki, yeni dövr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin açılması və bütün bu proseslərin ABŞ-ın vasitəçiliyi ilə idarə olunması Cənubi Qafqazda tarixi geosiyasi dəyişikliklər gətirə bilər.

Şəhla Cəlilzadə vurğulayıb ki, informasiya kanalları vasitəsilə sızdırılan xəbərə görə Ermənistan artıq Zəngəzur dəhlizinin təhlükəsizliyini ABŞ-a təhvil verib və eyni gündə yayılan digər xəbərə görə Türkiyədə Kars-Iğdır-Dilucu (Ermənistan sərhəddinədək) dəmiryolu xəttinin, yəni qlobal dəhlizin Zəngəzur dəhlizindən sonrakı hissəsinin inşasında MUFG bankı iştirak edəcək: “Bu bankın əsas səhmdarları arasında amerikan təsisatları yer alır. Beləliklə, qarşıdakı dövr üçün ABŞ-ın Cənubi Qafqaz siyasətinin yeni və real nəticələrini görəcəyimizi, o cümlədən Azərbaycanla əməkdaşlığının daha da yüksələcəyini proqnozlaşdırmaq olar”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
icma.az

1Mənbələr