AZ

Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...


Ramil Məmmədli: “Bir sıra hallarda bu cinayətlərin arxasında xarici dövlətlərin xüsusi xidmət orqanları dayanır”

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib.

Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsi ilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub. Daha sonra isə o, “Telegram” və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb.

H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

Maraqlıdır, bu nüfuzlu şəxslərin fərdi məlumatları təxminən hansı çevrələrə lazım ola bilər? Bu məlumatların sifarişçisi hansı çevrələrin adamlarıdır?

“Məsələn, Fransa kimi dövlət istəmir ki, Azərbaycan güclü olsun, müstəqil siyasət yeritsin”

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunda Azərbaycanda marağı olan xarici dövlətlərin əməli ola bilər: “Ermənistan kəşfiyyatının rolu ola bilər. Çünki bizə qarşı düşmən mövqeyindədir. Müasir dövrdə kibercinayətkarlıq artır. Bir sıra hallarda bu cinayətlərin arxasında xarici dövlətlərin xüsusi xidmət orqanları dayanır. Bu yollarla məlumat toplamaq daha asandır, Ermənistan düşmən ölkə olaraq bunu edə bilər. Digər tərəfdən, Azərbaycan uğrunda geosiyasi mübarizə aparan, nüfuz dairəsini qurmağa çalışan dövlətlərin xüsusi xidmət orqanları tanınmış şəxslər, vəzifəli şəxslər barədə məlumat toplaya bilərlər. İlk baxışdan bu, adi kibercinayət hadisəsi kimi görünə bilər, amma arxasında düşmən kəşfiyyatı da dayana bilər. Adətən xüsusi xidmət orqanları bu kimi vasitələrlə tanınmış şəxslər, önəmli vəzifələrdə çalışanlar barəsində məlumat toplayırlar. Onların zəif tərəflərini müəyyən etməyə çalışırlar. Bu, Rusiya dövləti də ola bilər. Çünki biz görürük ki, Rusiya kəşfiyyatı Avropa İttifaqı ölkələrində keçirilən seçkilərə müdaxilə edir. Rusiyaya bağlı şəxsləri, siyasi qüvvələri hakimiyyətə gətirmək istəyir. O cümlədən, bəzi Qərb dövlətlərinin də bunun arxasında ola bilmə ehtimalı var. Məsələn, Fransa kimi dövlət istəmir ki, Azərbaycan güclü olsun, müstəqil siyasət yeritsin. O üzdən, vəzifəli şəxslər son dərəcə diqqətli olmalıdılar. Şəxsi məlumatlarını qorumalıdılar”.

Vidadi ORDAHALLI

Seçilən
66
baki-xeber.com

1Mənbələr