AZ

"Simonyan Ermənistanda çevrilişə çağırış edib, ölkə hakimiyyəti onu "iyrənc varlıq" adlandırıb" - Ukrayna KİV

"Bilin ki, bu hürmələr uzun çəkməyəcək, sonda bu səs sönəcək, bu ağız birdəfəlik bağlanacaq..."

Ermənistan-Rusiya münasibətlərində illərdir yığılıb qalan gərginlik bu dəfə də Kreml təbliğatçısı Marqarita Simonyanın sərsəm iddiaları üzərindən alovlanıb. 

Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.

Məlumatda deyilir ki, Rusiya dövlət kanalının baş redaktoru olan Simonyan sosial şəbəkədə yaydığı bir paylaşımla təkcə Ermənistan rəhbərliyini deyil, cəmiyyətini də qəzəbləndirib. Onun iddiasına görə, Ermənistan, Azərbaycan və ABŞ arasında guya "Zəngəzur dəhlizi" ilə bağlı gizli saziş imzalanıb, adı da "Tramp körpüsü"dür.

Simonyanın paylaşımına istinad etdiyi qaranlıq nüfuza malik "Periodista Digital" ispan saytının yaydığı iddiaya əsasən, Fransa erməni diasporunun əli ilə redaksiyaya çatdırılmış "məxfi sənəd"də 42 kilometrlik iqtisadi və hərbi dəhlizdən bəhs edilir. Bu dəhliz guya Sünik vilayətindən (Zəngəzur mahalı-red.) keçəcək və Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək. Sənəddə bildirilir ki, Ermənistan bu dəhlizə görə suverenliyindən imtina etmir, lakin infrastrukturun idarəsi 99 illiyinə bir Amerika şirkətinə verilir. Gəlirlərin isə 40 faizi ABŞ-a, 30 faizi Ermənistana çatacaq.

Hətta daha da irəli gedilərək, Ermənistanda guya ABŞ-ın özəl hərbi şirkətinə aid kontingentin yerləşdiriləcəyi və bununla da ölkənin suverenliyinin təhlükə altında qalacağı bildirilir. İddianın ən qalmaqallı hissəsi isə Ermənistanın bu razılaşma ilə gələcəkdə İrana qarşı ABŞ-ın ön xətt bazasına çevriləcəyi barədədir.

Rəsmi İrəvan Simonyana qarşı əks-hücumdadır

Ermənistan hakimiyyəti dərhal bu məlumatlara sərt reaksiya verib. Baş nazir Nikol Paşinyan iyulun 16-da mətbuat konfransında ölkəsinin regional nəqliyyat kommunikasiyalarının açılmasına dair planını şəffaf şəkildə təqdim etdiyini və "Tramp körpüsü" adlı bir layihənin ümumiyyətlə mövcud olmadığını bəyan edib. Rəsmi bəyanatda "Periodista Digital" saytı açıq şəkildə dezinformasiya ilə məşğul olmaqda, saxta mənbələrə istinad etməkdə və manipulyativ informasiya yaymaqda ittiham olunub.

Lakin ən sərt cavabı Ermənistan parlamentinin sədri Alen Simonyan verib. O, Marqarita Simonyanı "Rusiyanın məxluqlar sirkinin iyrənc varlığı" adlandırıb və onun soyadındakı "-yan" şəkilçisinə baxmayaraq, Ermənistan və erməni xalqı ilə heç bir bağlılığı olmadığını bildirib.

Alen Simonyan Marqaritanın Ermənistan daxilində etirazlara çağırdığını, dövlət çevrilişi arzusunda olduğunu və bunun hibrid müharibənin bir forması olduğunu vurğulayıb: "Bu varlıq daim yalanlar yayır, ölkəmizi təhqir edir və xalqı təxribatlara çağırır. Ancaq bilin ki, bu hürmələr uzun çəkməyəcək. Ermənistanda seçkilər yaxınlaşır və qarşıdakı günlərdə belə sarsaq ittihamlar artacaq. Lakin sonda bu səs sönəcək, bu ağız birdəfəlik bağlanacaq".

Hibrid müharibə və Ermənistanın təhlükəsizlik dilemması

Bu hadisə bir daha göstərir ki, Ermənistan hazırda sadəcə regional oyunçuların deyil, həm də informasiya manipulyasiyasının, dezinformasiya əməliyyatlarının hədəfindədir. Simonyan və onun kimilər Rusiyanın Ermənistana olan təsirini qoruyub saxlamaq üçün ictimai rəyə müdaxilə etməyə çalışır, bəzən də saxta məlumatlar üzərindən siyasi gərginliklər yaradır. Ermənistanda "Zəngəzur dəhlizi" məsələsi onsuz da həssas məqam olaraq qalır və bu cür xəbərlər, xüsusilə də xarici təbliğatçılar tərəfindən yayılanda daxili sabitliyi sarsıda bilər.

Marqarita Simonyanın paylaşımı sadəcə bir sosial media postu deyil,  bu, Ermənistanın suveren qərarvermə imkanlarına qarşı hibrid hücumun tərkib hissəsi kimi qiymətləndirilir. Rəsmi İrəvan artıq daha sərt və aydın cavablar verməklə bu cür informasiya hücumlarına qarşı dayanmağa çalışır. İndi cəmiyyətin və region ölkələrinin bu proseslərə necə reaksiya verəcəyi qalır. Amma bir şey dəqiqdir: "Tramp körpüsü" adlanan o qurğu kağız üzərində quraşdırılmış bir siyasi fantaziyadan başqa bir şey deyil.

Seçilən
57
moderator.az

1Mənbələr