Rusiya Estoniya ilə sərhəddə yerləşən Kinqisepp şəhəri yaxınlığında radioelektron müharibə sistemlərini gücləndirib. Bu barədə Estoniyanın daxili işlər naziri İqor Taro 24 iyul tarixində Tallində keçirdiyi mətbuat konfransında bildirib. Editor.az xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
Nazirin sözlərinə görə, Rusiya ordusu bölgəyə siqnalların sıxışdırılması məqsədilə əlavə avadanlıq göndərib. Həmin texnologiya daha əvvəl Ukraynadakı döyüş əməliyyatlarında pilotsuz uçuş aparatlarının naviqasiya siqnallarını bloklamaq üçün istifadə olunub.
Eyni zamanda, bu cür radioelektron müdaxilələr mülki aviasiya və dəniz nəqliyyatında istifadə olunan Qlobal Mövqeləndirmə Sistemi (GPS) üçün ciddi problemlər yaradır.
Estoniya və digər Baltikyanı ölkələr son aylarda GPS siqnallarının pozulması hallarının artmasında dəfələrlə Rusiyanı ittiham ediblər.
İqor Taro bildirib ki, Estoniyanın Daxili Təhlükəsizlik Xidməti məsələ ilə bağlı Rusiya hərbçiləri ilə əlaqə saxlayıb.
//Samir Qurbanov, Editor.az