Azərbaycan QHT-ləri ABŞ Dövlət katibi Marko Rubioya müraciət ünvanlayıblar. Müraciətdə ABŞ konqresmenlərinin Azərbaycanın suveren əraziləri ilə bağlı mövqeyi və sülh prosesinə müdaxiləsi tənqid olunub.
Müraciətdə bildirilir ki, ABŞ Konqresinin bir qrup üzvünün Azərbaycanın suverenliyi və Ermənistanla sülh prosesi ilə bağlı mövqeyi ölkədə ciddi narazılıq doğurub. QHT nümayəndələri bu mövqenin birtərəfli və regionda sabitliyi pozmağa yönəlmiş cəhd olduğunu vurğulayıblar.
Sənəddə qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb və prosesin pozulmasına yönəlmiş çağırışlar beynəlxalq vasitəçilik səylərinə zərbə vurur. QHT-lər konqresmenlərin bəyanatlarının erməni lobbisinin təsiri altında verildiyini iddia edərək, onların regiondakı reallıqlardan xəbərsiz olduğunu bildiriblər.
QHT-lər həmçinin Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun da tanınmasını tələb edir və bu məsələdə beynəlxalq ikili standartları tənqid edirlər. Müraciətdə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəni irsinin dağıdılması, İsveçrənin son təkliflərinin sülhə mane olması da pislənib.
Məktubu imzalayanlar arasında Azərbaycan Milli QHT Forumu, Qərbi Azərbaycan İcması, Beynəlxalq Avrasiya Mətbuat Fondu və digər təşkilatların rəhbərləri yer alır.