On illərdir görünməyən və nəsli kəsildiyindən ehtiyat edilən Barbados ip ilanı Karib dənizində yerləşən Barbados adasında yenidən aşkarlanıb. Alimlər bu ilanı bu ilin yazında meşəlik ərazidə kiçik bir qayanın altında tapıblar.
Təxminən 10 santimetr uzunluğunda və 2 millimetr qalınlığında olan bu xırda ilan yerli əhali arasında soxulcan ilanı adı ilə tanınır. Hətta o, bir çox torpaq soxulcanından da kiçikdir. Yalnız Barbados adasında yaşayan bu növ görmə qabiliyyətinə malik deyil. Əsas qida mənbəyi kimi termitlər və onların yumurtaları göstərilir.
Barbados Ətraf Mühit Nazirliyində çalışan ekolog Konnor Bleyz CBC-yə verdiyi açıqlamada bildirib ki, bu ilan təxminən 20 ildir ki, görünmürdü.
Barbados ip ilanı son 135 ildə cəmi beş dəfə elmi qeydlərə düşüb. İlk rəsmi müşahidə 1889-cu ilə aiddir. Lakin bu növün unikallığı yalnız 2008-ci ildə Temple Universitetindən professor S. Bleyer Hecsin apardığı genetik analizlə dəqiq müəyyən olunub. Həmin araşdırma nəticəsində Barbados ip ilanı dünyanın məlum olan ən kiçik ilanı kimi qeydə alınıb.
Prof. Hec “İllərlə bu ilanı tapmağa çalışdım. Yüzlərlə daşı çevirdim, amma heç nə tapa bilmədim. Bu səbəbdən onun çox nadir bir növ olduğuna inanıram” deyib.
Kəşf Konnor Bleyz və “Re:wild” adlı təbiəti qoruma təşkilatından Castin Springer tərəfindən aparılıb. Hadisə ölkənin yox olmaqda olan bioloji müxtəlifliyini qorumaq baxımından mühüm addım hesab olunur.
Barbados Avropa müstəmləkəçiliyi dövründən sonra təbii meşələrinin 98 faizini itirib. Hazırda adada çox az sayda nəm və təbii meşəlik ərazi qalıb.
Bleyz bildirib ki, bu ilan adanın son təbii meşəlik sahələrindən birində tapılıb. Bu yaşayış mühiti Barbados üçün son dərəcə dəyərlidir.
Bleyz 20 mart tarixində tapdığı ilanı kiçik bir şüşə qabda Qərbi Hind Adaları Universitetinə aparıb. Orada mikroskop altında aparılan tədqiqat zamanı ilan bədənindəki xarakterik arxa zolaqlar vasitəsilə onun Barbados ip ilanı olduğu təsdiqlənib.
Təxminən bir ay sonra isə fərqli bir meşəlik ərazidə ikinci fərd də aşkarlanıb. Bu yeni tapıntılar alimlərə növün yaşayış sahələri haqqında daha çox məlumat əldə etməyə və onu qorumaq üçün daha effektiv strategiyalar hazırlamağa imkan verəcək.
Bleyz qeyd edib ki, bu növün hələ də mövcud olduğunu bilmək bizim üçün böyük qazancdır: "Bu ilan həm adanın, həm də dünyanın bioloji müxtəlifliyinə töhfə verməyə davam edir”.