Azərbaycanda sahibkarlığın inkişafı, genişlənməsi üçün məqsədyönlü siyasət yürüdülür. Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Ölkədə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir.
Son 5-6 ildə Azərbaycanda azad sahibkarlığın təşviqi üçün nə kimi qanunvericilik aktları qəbul olunub və həyata keçirilib? Vergi güzəştləri tətbiq olunub, ya müəssisələrin qeydiyyatdan keçirilməsi proseduru sadələşdirilib?
Sahibkarlara hansı güzəştlər tanınıb?
“Mikrosahibkarlara 75 faizə qədər gəlir vergisi güzəştləri verilib”
İqtisadi və Sosial Araşdırmalara Yardım İB sədri Əyyub Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, bu istiqamətdə saysız işlər görülüb və görülən işlər azad sahibkarlığın inkişafında, o cümlədən, təşviqində əhəmiyyətli rol oynayır.
“Ölkəmizdə son beş-altı ildə azad sahibkarlığın təşviqi üçün bir sıra mühüm islahatlar həyata keçirilib. Bu islahatlar əsasən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, vergi siyasətinin daha da şəffaflaşdırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması, dövlət dəstəyi vasitəsilə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və sairlə bağlıdır. Qəbul olunan qanunvericilik aktları əsasən Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin genişləndirilməsi, güzəştli kreditlərin həcminin artırılması və sair baxımdan əhəmiyyətlidir. Lisenziyalar və icazələr haqqında qanuna dəyişikliklər edilib. Lisenziya tələb edən fəaliyyət növləri azalaraq onların lisenziyaları əldə edilməsi prosedurları kifayət qədər sadələşdirilib. Son illərdə bir neçə dəfə Vergi Məcəlləsinə dəyişikliklər olunub, kiçik və orta sahibkarlıq subyektləri üçün vergiyükü azaldılıb. Eyni zamanda müxtəlif xidmət qurumlarının əhatəsi genişləndirilib. KOB evləri, Asan Xidmət və Asan biznes mərkəzlərinin fəaliyyətidir ki, regionlarda da xidmətlərin əlçatanlığını təmin etmişdir. Bunların əhatəsi də regionlarda genişləndirilib. Düşünürəm ki, elektron məhkəmə portalının genişləndirilməsi biznes xidmətində şəffaflığın və operativliyin artırılmasına müsbət təsir göstərib.
Vergi güzəştləri barədə əsasən onu qeyd edərdim ki, 2020-ci ildən sadələşdirilmiş vergi rejimləri tətbiq olunur. Burda mikrosahibkarlara 75 faizə qədər gəlir vergisi güzəştləri verilib. Eyni zamanda, bu kateqoriyaya aid sahibkarlar əmlak vergisindən də azad olunublar”.
“Burda dövlət zəmanətli güzəştli kreditləri qeyd edə bilərik”
Ə.Kərimli qeyd etdi ki, “Startap”lar üç il müddətinə gəlir və mənfəət vergisindən azad olunublar, vergi ödəyicilərinin qeydiyyat müddəti 1 günə endirilib və onlayn qeydiyyat tətbiq edilib ki, bu da sahibkarlıqfəaliyyətinin başlanılması üçün çox rahat və şəffaf bir mühit yaradıb. “Həmçinin 1 pəncərə sistemi tətbiq edilib ki, bu da sahibkarlıq fəaliyyətinin başlanmasına rahat imkanlar verir. Həmçinin əmək müqavilələrinin elektron qeydiyyatı sahəsi genişləndirilib, ciddi nəzarət altına götürülüb.Həmçinin həm özəl sektorda çalışanların əmək və pensiya hüquqlarının təmin olunması da çox vacib məsələlərdən biridir. Eyni zamanda sahibkarlara bu gün tanınan güzəştlər haqqında danışsaq, burda dövlət zəmanətli güzəştli kreditləri qeyd edə bilərik ki, sahibkarlara dövlət zəmanətli kreditlər verilir. Buda onların ölkədən kənarda fəaliyyətinə geniş imkanlar yaradır. Vergi tətillərinin, vergi güzəştlərinin bəzi hallarda tətbiq olunması bəzi zəif fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinə dəstək olur.
Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara subsidiyaların verilməsi artırılıb və torpaq vergisindən azad olma tətbiq olunub. Həmçinin ixracın təşviqi proqramları var ki, bu da xarici ölkələrə ixracı təşviq edir və sahibkarlara maliyyə dəstəyi göstərir”.
Mütəxəssis qeyd etdi ki, həmçinin innovasiya yönümlü “Startap”lara investisiya imkanları, vergi güzəştləri tətbiq edilib və onlara yeni investisiya imkanları yaradılıb.
Sənaye zonalarında rezident olan müəssisələrə əmlak və mənfəət vergi güzəştləri tətbiq olunub. Bu gün sahibkarların daha çox hansı sahələrdə fəaliyyət göstərməyə üstünlük verir? Sözsüz ki, ilk növbədə bu qida səneyesi və emal müəssisəsidir. Bu sahədə geniş imkanlar verilib. İkincisi, logistika və ticarət sahəsindəki yeniliklər, elektron ticarətin genişləndirilməsi, onlayn ticarətin artırılması bu sahədə imkanlar yaradıb. Həmçinin kənd təsərrüfatı sahəsinə, aqrobiznesə maraq çoxdur. Əsasən də istixanaların və bağçılığın inkişafına maraq yaranıb. Həmçinin yeni texnologiyaların, informasiya texnologiyalarının, eyni zamanda startapların fəaliyyəti bu gün daha cəlbedicidir. Əsasən də bu gənc sahibkarlar tərəfindən tətbiq olunur, daha da mənimsənilir. Ənənəvi sahələrdən kənd turzimidir, böyük investorlar üçün tikinti və daşınmaz əmlak sektorunda da imkanlar yaranıb. Sahibkarlar ora yönəlir.
Bütövlükdə, iqtisadiyyatın ən dinamik sahəsi olan xidmət sektorunda da biz daha çox gənclərimizin və başqa yaş qrupunda olan insanlarımızın fəaliyyətini görürük. Eyni zamanda kuryer xidməti, kosmetologiya, sağlamlıq mərkəzləri, fitnes klublar və sair bu qəbildəndir.
Hesab edirəm ki, biz əgər rəqəmlərlə danışaq bu gün ölkədə kənd təsərrüfatı sahəsində 35 faiz sahiblarlarımız məşğuldur. Qida sahəsində 15, xidmət sektorunda 20 faiz, informasiya texnologiyaları sahəsində 10 faiz, tikinti və daşınmaz əmlak sahəsində 7 faiz insanlar məşğuldurlar.
Bu gün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 8 mindən çox sahibkara güzəştli kreditlər verilib. Bu 2024-cü ilin rəqəmələridir. Bu dəstəyə 1, 3 milyarda manata yaxın vəsait xərclənib. Güzəştli kreditlərin verilmə faizi 5-6 faizdir ki, bu da ümumi ölkə üzrə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Həmçinin fermerlərin və kənd təsərrüfatına dəstək üçün 2023-cü ildə 380 milyon manata yaxın subsidiyalar ayrılıb. İxracın təşviqi, ödənişləri 2022-ci ildə 17 milyona çatıb. Həmçinin 37 növ lisenziya tələb olunan sahə ləğv edilib və ya sadələşdirilib. Nəticə olaraq qeyd edim ki, bütün bunlar son 5 ildə yalnız regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərininsayı 32 faizdən 45 faizə yüksəlib. Həmçinin yeni qeydiyyatdan keçmiş sahibkarların sayında əhəmiyyətli dərəcədə artım olub. 2023-cü ildə 27 faiz artım müşahidə olunub ki, bu da ölkədə kiçik, mikro və orta sahibkarların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların sayında artım deməkdir”-deyə Ə.Kərimli qeyd etdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.