2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbirləri başa çatıb.
AzEdu.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Agentliyin yerli bölmələrində təşkil edilən hesabat xarakterli tədbirlər çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Gəncə-Daşkəsən Regional Təhsil İdarələrində görüşlər keçirilib.
Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, idarə müdirləri, struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Hesabat tədbirində idarələrin fəaliyyətinə dair təqdimat nümayiş olunub.
İdarələrin fəaliyyətindəki əsas istiqamətlərə dair fikir mübadiləsi aparılıb, zəruri olan məsələlərə toxunulub, ümumi fəaliyyətə, statistik göstəricilər əsasında aparılmış müqayisəli təhlillərə nəzər salınıb.
Bununla yanaşı təhsil müəssisələrinin idarəetmə işinin təkmilləşdirilməsinin, tədrisin keyfiyyətinin yüksəldilməsinin, məktəblərin nüfuzunun artırılması məsələlərinin, eyni zamanda məktəblərin inkişaf planlarının icrası vəziyyətinin diqqət mərkəzində saxlanılmasının vacibliyi önə çəkilib. Tədrisin səmərəli təşkili, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin artırılması, sertifikasiya, monitorinq, buraxılış imtahanlarının nəticələri və bir sıra digər müvafiq məsələlərə dair müzakirələr aparılıb.
Ayrı-ayrı istiqamətlər üzrə nəzərdə tutulan perspektiv məsələlər və növbəti tədris ili üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib, müvafiq tapşırıq və tövsiyələr verilib.