"Şevçenko rayonuna endirilən KAB bombaları nəticəsində azı 39 nəfər xəsarət alıb..."
İyulun 24-də Xarkov şəhəri bir daha Rusiya ordusunun hava hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən Şevçenko rayonu yönəldilmiş KAB hava bombaları ilə vurulub.
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya bu dəfə də yaşayış binalarını və mülki infrastruktur obyektlərini hədəfə alıb. İlkin məlumatlara görə, azı 39 nəfər yaralanıb, onların arasında uşaqlar və hamilə qadın da var.
Xarkov meri İqor Terexovun sözlərinə görə, partlayışlar şəhərin mərkəzində qeydə alınıb. Əvvəlcə bombalardan birinin çoxmərtəbəli binaya birbaşa düşdüyü bildirilib, lakin sonradan aydınlaşdırılıb ki, bomba binanın yaxınlığına düşüb. Partlayış nəticəsində 15-dək avtomobil yanıb. Başqa bir zərbə isə yüngül sənaye müəssisəsinə tuş gəlib və güclü yanğına səbəb olub. Əraziyə cəlb olunan xilasedicilər hələ də yanğının qarşısını almağa çalışır.
Yaralılar arasında körpələr də var
Hücumdan bir neçə saat sonra verilən rəsmi məlumata əsasən, xəsarət alanların sayı əvvəlcə 33, sonra isə 39 nəfərə çatıb. Yaralılar arasında 10 yaşlı bir qız, cəmi 28 günlük körpə, hamilə qadın və başından qəlpə yarası alan 17 yaşlı oğlan var. Xəstəxanalarda 6 nəfər müalicə alır, onlardan biri ağır vəziyyətdədir. Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum nəticəsində transformator yarımstansiyası, tikiş fabriki və çoxsaylı evlərin pəncərələri dağılıb. Yeddi avtomobil tamamilə yanıb, daha 25-i isə zədələnib.
Rusiya UMPB-5 yeni bombanı sınaqdan keçirib
İlkin araşdırmalara əsasən, Rusiya bu hücum zamanı UMPB-5 yeni növ idarəolunan bombadan istifadə edib. 250 kiloqramlıq bu bombalar qalın metal hissələrlə təchiz olunub və təxminən 100 kilometrlik məsafədən atılıb. Bu, əvvəlki bombalardan fərqli olaraq daha uzaq məsafədən hücum imkanı verir. Uçuşlar Rusiyanın Belqorod vilayətindən həyata keçirilib. Ukrayna prokurorluğu artıq bu hadisəni hərbi cinayət kimi qeydə alıb və istintaq başlayıb.
Zelenskinin sərt reaksiyası
Prezident Vladimir Zelenski hücuma sərt reaksiya verərək, bu zərbələrin "hərbi məqsəddən uzaq və tamamilə mənasız" olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya sadəcə olaraq öldürmək və dağıtmaq məqsədi güdür. Zelenski Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə və silah istehsalının genişləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayıb. O, həmçinin beynəlxalq ictimaiyyəti yardımlarına və dəstəyə görə təşəkkür edib.
Gecə boyu hücumlar: Xarkovdan öncə Odessa və Çerkası da vurulub
Xarkov hücumu Rusiya ordusunun iyulun 24-nə keçən gecə başladığı genişmiqyaslı zərbələrin davamı olub. Odessada "Privoz" bazarında güclü yanğın baş verib, doqquzmərtəbəli yaşayış binası zədələnib, tarixi binalara da ziyan dəyib. Çerkasıda isə raket hücumu nəticəsində evlər, inzibati binalar və qəbiristanlıq zərər görüb. Hər iki şəhərdə bir neçə nəfər yaralanıb, onlardan biri doqquz yaşlı uşaqdır.
Xatırladaq ki, iyulun 23-də İstanbulda keçirilən danışıqlara baxmayaraq, Rusiya növbəti gün Ukraynaya qarşı 103 "Shahed" tipli dron və 4 raket göndərib. Bu da onu göstərir ki, Moskva heç bir siyasi və diplomatik təşəbbüsü qəbul etməyə hazır deyil və müharibəni davam etdirməkdə israrlıdır.