"Barselona" klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegen belindəki problemlə əlaqədar əməliyyat olunacaq.
90deqiqe.Az xəbər verir ki bu barədə futbolçu şəxsi "X" (əvvəllər Twitter) hesabında açıqlama verib. O, əməliyyatdan sonra bərpa prosesinin təxminən üç ay davam edəcəyini bildirib.
“Mən 'Barselona'nın formasını və rənglərini qürurla daşıyıram – həm meydanda, həm də onun hüdudlarından kənarda, uğur anlarında və ən çətin günlərdə. Bu gün mənim üçün şəxsi baxımdan ağır gündür.
Fiziki və idman baxımından özümü əla hiss edirəm, lakin təəssüf ki, ağrılar hələ də keçməyib. Klubun tibbi heyəti və xarici mütəxəssislərlə apardığımız geniş məsləhətləşmələrdən sonra belə qərara gəldik ki, tam sağalmanın ən sürətli və təhlükəsiz yolu bel əməliyyatıdır.
Sonuncu dəfə belimdən əməliyyat olunanda cəmi 66 gün sonra meydana qayıtmışdım. Lakin bu dəfə həkimlər daha ehtiyatlı olmağın vacib olduğunu bildirirlər və deyirlər ki, tam bərpa üçün təxminən üç ay vaxt lazım olacaq.
Komandama kömək edə bilməyəcəyim bu dövrü qəbul etmək mənə emosional olaraq çox çətindir, lakin sevindirici haldır ki, reabilitasiya prosesi dözümlüdür və mənim qayıdış yolum artıq müəyyənləşib.
Bərpa prosesimlə bağlı sizi daim məlumatlandıracağam. Əziz 'Barselona' azarkeşləri, daimi dəstəyiniz üçün ürəkdən təşəkkür edirəm. Narahat olmayın — mən geri dönəcəyəm!”
Beləliklə, Kataloniya təmsilçisi yeni mövsümün ilk mərhələsində əsas qapıçısının xidmətindən məhrum qalacaq. Mövsüm ərzində bir çox həlledici matçda inamlı çıxışı ilə yadda qalan Ter Ştegenin olmaması "Barselona" üçün ciddi itki sayılır.