AZ

Ekspert: Tacikistan Xəzər və Qara dəniz limanlarına çıxış əldə etməkdə maraqlıdır - MÜSAHİBƏ

Bakı, 24 iyul, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Mərkəzi Asiya üzrə tanınmış tacik geosiyasi və regional məsələlər üzrə ekspert, tarixçi, Rusiya-Tacikistan (Slavyan) Universitetinin (RTSU) Xarici regionşünaslıq və xarici siyasət kafedrasının professoru, RTSU-nun Geosiyasi Tədqiqatlar Mərkəzinin direktoru Guzel Maytdinova ilə müsahibəni təqdim edir.

- Tacikistan və Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Aktivləşdirilməsinə ehtiyac duyulan əsas əməkdaşlıq sahələri hansılardır?

- Bu gün Tacikistan ilə Azərbaycan arasında iqtisadi əlaqələr ənənəvi tərəfdaşlıq və praqmatizm ruhunda inkişaf edir. Coğrafi və logistika səbəbləri kimi obyektiv məhdudiyyətlərə baxmayaraq, əməkdaşlıq sabit müsbət dinamika nümayiş etdirir. Son dövrdə ölkələr arasında ticarət dövriyyəsi 78 faiz artıb ki, bu da gələcək inkişaf üçün potensialın olduğunu göstərir. Əməkdaşlığın koordinasiyası üçün əsas mexanizm 2008-ci ildən fəaliyyət göstərən Ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. Bu mexanizm sayəsində ticarət, investisiyalar, vergi məsələləri, eləcə də gömrük və bank tənzimlənməsi sahələrində sistemli dialoq qurulub. Əlavə əməkdaşlıq kanalı isə hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarıdır. Biznes dairələrinin fəallığı neft-qaz, aqrar-sənaye və nəqliyyat-logistika infrastrukturu kimi sahələrdə artır. SOCAR ilə əməkdaşlıq, birgə müəssisələrin yaradılması və Azərbaycan kapitalının Tacikistan iqtisadiyyatına cəlb olunması xüsusilə perspektivli görünür. Bununla yanaşı, 2007-ci ildə imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Müqavilə daxil olmaqla, 60-dan çox sənədi əhatə edən geniş müqavilə-hüquq bazasına baxmayaraq, bir çox razılaşmalar praktiki məzmunla doldurulmalıdır. Tranzit marşrutlarının inkişafı, Azərbaycan peyklərindən istifadə, aqrar sahədə birgə fəaliyyət üzrə vacib sənədlər imzalanıb.

Ticarət nomenklaturasının genişləndirilməsi, sənaye, aqrar, ərzaq, farmasevtika və tekstil məhsullarının qarşılıqlı tədarükünün stimullaşdırılması zəruridir. Xüsusi diqqət kənd təsərrüfatı xammalının emalı, yüngül sənaye, su elektrik enerjisi, logistika və turizm sahələrinə yatırılan investisiyalara yönəldilməlidir. Neft-kimya, maşınqayırma və faydalı qazıntıların hasilatı sahələrində birgə layihələr də perspektivlidir. Tacikistan Azərbaycanın dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsindəki təcrübəsinə (xüsusilə “ASAN xidmət”), texnoparkların inşasına və mədəni ənənələrin, o cümlədən xalçaçılığın qorunub saxlanmasına maraq göstərir. Rəqəmsal əməkdaşlıq, xüsusilə telekommunikasiya, fintex və İT təhsili sahəsində, mühüm istiqamətlərdən biridir. Əməkdaşlığın yeni mərhələyə keçməsi üçün Hökumətlərarası Komissiyanın fəaliyyətini konkret biznes nümunələrinə əsaslanaraq gücləndirmək məqsədəuyğundur. Birgə İnvestisiya Fondunun və ixracyönümlü müəssisələrin dəstəyi üzrə mərkəzin yaradılması imkanına baxmaq faydalı olardı. Bu, məsləhətləşmələrdən uzunmüddətli və davamlı layihələrin reallaşdırılmasına keçidə yardım edər.

- Yeni regional geo-iqtisadi reallıqlar, xüsusilə logistika marşrutlarının şaxələndirilməsi kontekstində, Tacikistan Azərbaycanın TransXəzər marşrutunun (Orta Dəhlizin) inkişafı təşəbbüsündə hansı rolu oynaya bilər?

- Qlobal logistik sistemin transformasiyası və nəqliyyat dəhlizləri arasında rəqabətin artdığı şəraitdə Orta Dəhlizin rolu sürətlə artır. Azərbaycan bu dəhlizin əsas iştirakçısıdır. Müasir infrastrukturu və inkişaf etmiş nəqliyyat əlaqələri sayəsində respublika Şərqlə Qərb arasında mərkəzi qovşaq rolunu oynayır. Zəngəzur dəhlizi isə marşrut boyunca fasiləsiz əlaqənin təmin olunmasında əlavə strateji əhəmiyyətə malikdir.

Tacikistan dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, TransXəzər marşrutuna davamlı maraq göstərir. Respublikadan, xüsusilə Tacikistan Alüminium Zavodunun məhsulları, artıq Azərbaycanın dəniz və dəmir yolu infrastrukturu vasitəsilə ixrac olunur — bu, Tacikistanın Orta Dəhlizdə real iştirakına bariz nümunədir. Bakı–Düşənbə–Bakı birbaşa aviareysinin açılması isə işgüzar və humanitar əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Tacikistan Xəzər və Qara dəniz limanlarına çıxış əldə etməkdə maraqlıdır və öz logistika marşrutlarını şaxələndirməyə hazırdır. Azərbaycanın infrastrukturuna qoşulmaqla əldə etdiyi əsas praktik üstünlüklər – nəqliyyat xərclərinin azalması, ixrac potensialının artması və daşımaların dayanıqlığının gücləndirilməsidir.

Bundan əlavə, Düşənbə rəqəmsal inteqrasiyaya xüsusi diqqət yetirir, "ağıllı" logistika qovşaqları, peyk naviqasiyası və Azərbaycanın nəqliyyat sektorunun rəqəmsallaşdırılması sahəsindəki təcrübəsi ilə maraqlanır. Bu texnologiyalar, xüsusilə ucqar bölgələr üçün olduqca vacib olan “rəqəmsal dəhliz”in əsasını təşkil edə bilər. Azərbaycan Tacikistan logistik sisteminin beynəlxalq nəqliyyat hablarına — Qazaxıstan, Türkmənistan və Xəzər vasitəsilə — çıxışını təmin etmək üçün modernləşmədə etibarlı tərəfdaş ola bilər. Sоğd və Xatlon vilayətlərində multimodal platformaların yaradılması perspektivlidir. Bu bölgələrdən kənd təsərrüfatı məhsulları, tekstil və alüminiumun Avropa və Yaxın Şərq bazarlarına ixracına yönəlik imkanlar böyükdür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Tacikistanın nümayəndəliyinin və ya birgə konsorsiumun yaradılması tranzit idarəçiliyində birbaşa iştirak baxımından məntiqli addım olardı. Həmçinin Tacikistanın Orta Dəhlizdə iştirakının institusional bazasını gücləndirmək üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və “Bir kəmər, bir yol” təşəbbüsü kimi çoxtərəfli platformaların imkanlarından istifadə etmək mühüm əhəmiyyət daşıyır. Birgə Logistika üzrə Koordinasiya Şurasının yaradılması əməkdaşlığa sistemli və davamlı xarakter qazandıra bilər. Tacikistanın Orta Dəhlizin inkişafına cəlb olunması təkcə iqtisadi fürsət deyil, həm də respublikanın beynəlxalq nəqliyyat zəncirlərinə inteqrasiyası üçün mühüm geostrateji seçimdir.

- Bakı ilə Düşənbə arasında enerji sektorunda hansı əməkdaşlıq formaları real görünür? Azərbaycanın Tacikistanın su elektrik energetikasına investisiya yatırması və ya regiona enerji resurslarının tədarükü mümkündürmü?

- Energetika Tacikistan-Azərbaycan əməkdaşlığının ən perspektivli sahələrindən biridir. Ən ümidverici istiqamət – su elektrik energetikasına investisiyalardır. Rogun Su Elektrik Stansiyası (SES) yaşıl enerji sahəsində iştirak və Mərkəzi Asiyada iqtisadi mövcudluğun gücləndirilməsi baxımından azərbaycanlı investorlar üçün flaqman layihəyə çevrilə bilər. Həmçinin Tacikistanın əlçatmayan bölgələrində kiçik su elektrik stansiyalarının inşası aktualdır. Azərbaycanda bu cür layihələri həyata keçirən şirkətlərin təcrübəsi çox faydalı ola bilər. Bərpaolunan enerji mənbələri – günəş, külək və su elektrik enerjisi sahəsində ortaq müəssisələr həm iqtisadi, həm də ekoloji baxımdan maraqlıdır. Bu sahədə əməkdaşlıq, xüsusilə kənd rayonlarında enerji təchizatının mərkəzsizləşdirilməsinə töhfə verə bilər. Qış aylarında enerji resurslarının çatışmazlığı fonunda Düşənbə Azərbaycanın yanacaq məhsullarının tədarükündə maraqlıdır. Xəzər dənizi və Mərkəzi Asiya ölkələrinin ərazisi vasitəsilə mayeləşdirilmiş qaz, dizel və mühərrik yağlarının tədarükü mümkündür. Bu cür tədarüklər Tacikistanın enerji sabitliyini artıra və formalaşmaqda olan regional enerji qovşağının bir hissəsinə çevrilə bilər.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri SOCAR və digər Azərbaycan şirkətlərinin Tacikistanın, xüsusilə ölkənin cənub və şərqində neft və qaz yataqlarında geoloji kəşfiyyat və hasilat işlərində iştirakı ola bilər. Bu, ölkənin milli resurs bazasının inkişafına təkan verəcək. Səylərin əlaqələndirilməsi üçün Hökumətlərarası Komissiya çərçivəsində enerji üzrə işçi qrupun yaradılması və tarifləri, tədarükləri, standartları və texnologiya transferini əhatə edən hökumətlərarası sazişin imzalanması məqsədəuyğundur. Enerji üzrə biznes-forumun təşkili də tərəflərə konkret layihələri və maliyyələşdirmə modellərini təqdim etmək imkanı verərdi. Ümumilikdə, Azərbaycanın Tacikistanın su energetikasına investisiya yatırması iqtisadi cəhətdən əsaslandırılmış və praqmatik addımdır. Bakıdan Düşənbəyə enerji resurslarının müntəzəm tədarükü isə qarşılıqlı fayda və dayanıqlı inkişafa əsaslanan yeni regional enerji arxitekturasının mühüm elementi ola bilər.

- Azərbaycan və Tacikistan arasında ECO çərçivəsində iqtisadi inteqrasiyanın praktik mexanizmlərini qurmaq mümkündürmü? Bu məqsədlə hansı platformalar faydalı ola bilər – investisiya fondları, biznes şuraları, rəqəmsal dəhlizlər?

- Azərbaycan və Tacikistan da daxil olmaqla regionun 10 ölkəsini birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün effektiv bir platformadır. Geoiqtisadi dəyişikliklər, bazarların və nəqliyyat marşrutlarının şaxələndirilməsi zərurəti fonunda ECO iki ölkə arasında iqtisadi inteqrasiyanın praktik alətinə çevrilə bilər. 2021-ci ildə Azərbaycan və Tacikistanın müvafiq nazirlikləri arasında yaradılmış işçi qrupu artıq əlaqələndirici rol oynayır. Onun mandatının ECO çərçivəsində genişləndirilməsi dialoqdan konkret layihələrə keçidi təmin edə bilər. Bu baxımdan, əlvan metallurgiya, su enerjisi, nəqliyyat, yüngül sənaye və aqrar-sənaye kompleksi kimi prioritet sahələrdə Azərbaycan–Tacikistan İnvestisiya Fondunun yaradılması mühüm alət ola bilər. Bu fond dövlət-özəl tərəfdaşlığı prinsipləri və ECO-nun maliyyə institutlarının iştirakı əsasında formalaşdırıla bilər. ECO çərçivəsində yaradılan Biznes Şurası iki ölkənin biznes dairələri arasında davamlı əlaqələrin qurulmasına kömək edə bilər: birgə istehsal müəssisələrinin yaradılması, texnologiya mübadiləsi və regional bazarlara çıxış bu istiqamətdə əhəmiyyətlidir. 2020-ci ildə Bakıda açılan Tacikistan Ticarət Evi buna yaxşı nümunədir. Bu mərkəz tacik məhsullarının ixracı üçün platformaya çevrilib.

Azərbaycan–Tacikistan Rəqəmsal Dəhlizi xüsusi əhəmiyyət kəsb edir: gömrük prosedurlarının sinxronlaşdırılması, elektron sənəd dövriyyəsi, e-ticarət və logistik platformaların inkişafı ticarət axınlarını sürətləndirəcək və əməliyyat xərclərini azaldacaq. ECO məhsul sertifikatlaşdırması da daxil olmaqla, rəqəmsal standartlar və protokolların unifikasiyası üçün platforma rolunu oynaya bilər. Bu isə qarşılıqlı ixracın artması üçün kritikdir. Dərinləşdirilmiş əməkdaşlığa nümunə olaraq “Gəncə Əlvan Metal Emalı” ASC-nin bərabər əsaslarla yenidən işə salınması göstərilə bilər. Bu, vahid metallurgiya zənciri yaradacaq. Eyni zamanda, Tacikistanın kənd təsərrüfatı məhsulları və tekstilinin Azərbaycana ixracı (Ticarət Evi və yaradılan logistik mərkəzlər vasitəsilə) ECO-nun institusional dəstəyi ilə - məsələn, aqrosənaye klasterlərinin yaradılması ilə, inkişaf etdirilməlidir. Azərbaycandan Tacikistanda kiçik su elektrik stansiyaları və bərpaolunan enerji layihələrinə investisiyalar, eləcə də faydalı qazıntıların işlənməsində iştirak uzunmüddətli enerji tərəfdaşlığının əsasını qoya bilər.

Bundan əlavə, ölkələr ortaq mədəni və tarixi irsə əsaslanan turizm marşrutu da inkişaf etdirə bilərlər. Dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə ECO çərçivəsində mütəmadi biznes-forumların keçirilməsi yeni təşəbbüslər, yol xəritələri və sazişlərin formalaşması üçün platforma ola bilər. Vahid texniki tənzimləmə və sertifikatlaşdırma platformasının yaradılması (Avrasiya İqtisadi İttifaqı və Avropa Ittifaqı bazarlarının tələblərinə uyğun şəkildə) hər iki ölkənin ixrac və investisiya potensialını əhəmiyyətli dərəcədə artıracaq. ECO çərçivəsində “Azərbaycan–Tacikistan: İnvestisiya və Texnologiyalar” adlı kompleks proqramın təşəbbüs edilməsi məqsədəuyğundur. İnvestisiya fondu, rəqəmsal dəhliz və biznes şuraları Tacikistan-Azərbaycan tərəfdaşlığının gücləndirilməsi üçün real mexanizmlərə çevrilə bilər.

- Azərbaycanın rəqəmsallaşma, dayanıqlı logistika və yaşıl iqtisadiyyat sahəsində hansı yanaşma elementləri Tacikistan üçün maraqlı ola bilər?

- Tacikistan üçün Azərbaycanın rəqəmsal transformasiya, logistika və yaşıl iqtisadiyyat sahəsindəki təcrübəsi modernləşmə prosesində praktik əhəmiyyət daşıyır. İkitərəfli və çoxtərəfli platformalar, o cümlədən ECO çərçivəsində birgə səylər dayanıqlı inkişaf, texnoloji mübadilə və regional inteqrasiya üçün yeni imkanlar yaradır. Xüsusilə maraq doğuran məqam Azərbaycanın regionda ən səmərəli hesab edilən elektron hökumət modeli “ASAN Xidmət” sistemidir. Bu sistem biznesin qeydiyyatından sənədlərin alınmasına qədər dövlət xidmətlərinə sürətli və şəffaf çıxışı təmin edir. Tacikistan üçün bu cür həllərin tətbiqi ticarət, kənd təsərrüfatı və təhsil sahələrinin rəqəmsallaşması üçün əsas ola bilər. Eyni zamanda, kibertəhlükəsizlik və İT mütəxəssislərinin hazırlanması sahəsində irəliləyişə təkan verə bilər. Azərbaycan mütəxəssislərinin iştirakı ilə pilot layihələr, bilik və təcrübə mübadiləsi, həmçinin İT kadrları üçün sertifikatlaşdırma proqramlarının yaradılması Tacikistanda rəqəmsal transformasiyanı sürətləndirə bilər. Logistika sahəsində Azərbaycan TransXəzər marşrutu kimi təşəbbüslər çərçivəsində “yaşıl” və rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılmasında mühüm nailiyyətlər əldə edib. Elektron yük platformalarının, avtomatlaşdırılmış gömrük məntəqələrinin və “ağıllı anbar”ların tətbiqi artıq real nəticələr verir. Tacikistan bu logistik zəncirlərə Xəzər vasitəsilə inteqrasiya edə, yük izləmə sistemlərinə qoşula və Mərkəzi Asiya ilə Qafqaz ölkələri üçün vahid rəqəmsal pəncərə sisteminin formalaşmasında iştirak edə bilər.

Energetika sahəsində Azərbaycan günəş və külək stansiyalarının inkişafına, tikinti və nəqliyyat sektorunda ekoloji standartların tətbiqinə böyük diqqət yetirir. Böyük hidroenerji potensialına malik olan Tacikistan üçün bu istiqamətdə Azərbaycanın kiçik və orta su elektrik stansiyalarına yatırımlarını cəlb etmək, enerji qənaət edən texnologiyalar, ekoloji cəhətdən təmiz istehsal sahələri və tullantı, su resurslarının idarə olunması sistemlərini inkişaf etdirmək mühüm ola bilər. Eyni zamanda, ekoturizm və dayanıqlı kənd təsərrüfatı sahəsində birgə layihələr, texnologiya mübadiləsi və regional “yaşıl” təşəbbüslərdə iştirak da ölkələr üçün perspektivli əməkdaşlıq sahələri hesab edilə bilər.

- Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq ərzaq təhlükəsizliyi, toxumçuluq, suvarma və aqrar emal sahələrində ümumi maraqlar fonunda hansı rolu oynaya bilər?

- Azərbaycan və Tacikistan arasında aqrar əməkdaşlıq möhkəm hüquqi bazaya əsaslanır və iqlim dəyişiklikləri, təchizatdakı qeyri-sabitlik və ərzaq qiymətlərinin artımı kimi qlobal çağırışlar fonunda inkişaf üçün yüksək potensiala malikdir. 2023-cü ildə Azərbaycan Prezidentinin Düşənbəyə səfəri bu baxımdan dönüş nöqtəsi oldu: “İqtisadi əməkdaşlıq üzrə 2025-ci ilədək fəaliyyət proqramı” və 2023–2024-cü illər üçün aqrar əməkdaşlıq üzrə Yol Xəritəsi kimi iki strateji sənəd imzalandı. Bu razılaşmalar texnologiya mübadiləsindən tutmuş birgə aqrar emala qədər konkret layihələr üçün zəmin yaratdı. Hər iki ölkə ərzaq müstəqilliyinin möhkəmləndirilməsində maraqlıdır. Perspektivli istiqamətlərdən biri ərzaq bazarlarının monitorinqi və proqnozlaşdırılması üzrə kooperasiya platformalarının yaradılması, həmçinin defisit və ya bolluq dövrlərində qarşılıqlı məhsul tədarükü ola bilər. İqlim şəraitinin və kənd təsərrüfatı ənənələrinin müxtəlifliyi seleksiya nailiyyətləri üzrə təcrübə mübadiləsini xüsusilə aktual edir. Quraqlığa davamlı buğda, meyvə və tərəvəz sortlarının sınaqdan keçirilməsi və tətbiqi üzrə birgə proqramlar, regional toxum genetik banklarının yaradılması kənd təsərrüfatının davamlılığını artırmağa imkan verəcək.

Su ehtiyatlarının idarə olunması – xüsusilə yarımsəhra bölgələr üçün – ümumi prioritetdir. Bu sahədə damcı suvarma texnologiyalarının, avtomatlaşdırılmış suvarma sistemlərinin tətbiqi, həmçinin suya qənaət üzrə birgə pilot layihələrin həyata keçirilməsi mümkündür. Tacik mütəxəssislər Azərbaycan aqromühəndislik mərkəzlərində təlimlər keçə bilərlər. Meyvə, tərəvəz və süd məhsullarının emalı üzrə birgə müəssisələrin yaradılması, tez xarab olan məhsulların saxlanması və daşınması üzrə Azərbaycan həllərinin tətbiqi, eləcə də mövcud nəqliyyat marşrutları əsasında kooperativ logistika mərkəzlərinin inkişafı hər iki ölkənin əlavə dəyər və ixrac potensialını gücləndirəcək.

- Tacikistan və Azərbaycan arasında ticarətin artmasına hansı addımlar töhfə verə bilər? İxrac və idxalda güzəştli ticarət zonalarının, logistika terminallarının və B2B forumlarının yaradılması nə dərəcədə aktuallıq kəsb edir?

- Tacikistan və Azərbaycan arasında siyasi dialoqun müsbət dinamikasına və hökumətlərarası sazişlərin imzalanmasına baxmayaraq, ticarət sahəsində hələ də əhəmiyyətli reallaşmamış potensial mövcuddur. Ticarət dövriyyəsinin artımı məhsul çeşidinin genişləndirilməsi, logistikanın inkişafı və biznes üçün institusional dəstəyin gücləndirilməsi hesabına mümkündür. Perspektivli istiqamətlər kimi Tacikistandan alüminium, tekstil, quru meyvələr və gübrələrin, Azərbaycandan isə neft-kimya məhsulları, tikinti materialları, avadanlıq və ərzağın tədarükü qeyd oluna bilər. Ticarətin aktivləşdirilməsi üçün tələbat və təklifin monitorinqi, proqnozlaşdırılması mexanizmləri, eləcə də infrastruktur və prosedur baryerlərin aradan qaldırılması vacibdir. Multimodal marşrutların, o cümlədən Xəzər dənizi, İran, Türkmənistan və Özbəkistan üzərindən tranzitin inkişafı əsas əhəmiyyət kəsb edir. Azərbaycanda Ələt limanının istifadəsi və tacik məhsullarının TransXəzər marşrutuna daxil edilməsi yeni bazarlara çıxışı mümkün edir. Gömrük prosedurlarının sadələşdirilməsi, nəzarətin rəqəmsallaşdırılması, “vahid pəncərə” sisteminin tətbiqi, sanitariya normalarının uyğunlaşdırılması və ölkələr arasında elektron sənəd dövriyyəsinin qurulması da xüsusi əhəmiyyət daşıyır.

İki ölkə arasında ikitərəfli ticarət-sənaye zonalarının və ya xüsusi ticarət rejimlərinin yaradılması vacib addım ola bilər. Bu, kiçik və orta biznes üçün stimula çevriləcək, məhdud sayda məhsul üzrə gömrük rüsumlarının azaldılmasına, kənd təsərrüfatı məhsullarının birgə emalı və yığım istehsalının təşkili üçün şərait yaradacaq. Azərbaycanın, xüsusən Ələt Azad İqtisadi Zonasında əldə etdiyi təcrübə Tacikistanda analoji layihələrin həyata keçirilməsi baxımından faydalı ola bilər. Logistika infrastrukturunun inkişafı da zəruri elementdir. Paylayıcı mərkəzlərin, soyuducu terminalların, müvəqqəti anbarların və multimodal habların yaradılması tələb olunur. Xüsusi sektor Azərbaycan ərazisindən Avropa, Türkiyə və Yaxın Şərq istiqamətində Tacik ixracının tranzit potensialını artıracaq nəqliyyat-logistika alyanslarının formalaşmasında fəal iştirak edə bilər.

B2B forumlar və biznes-missiyalar, xüsusilə də iki ölkənin biznes dairələrinin bir-birinin imkanlarından zəif xəbərdar olduğu şəraitdə birbaşa əlaqələrin qurulması baxımından əsas kanallar olaraq qalır. Tacikistan-Azərbaycan biznes-forumlarının sahə assosiasiyaları və investorların iştirakı ilə müntəzəm təşkili, sahəvi sərgilər, eləcə də müəssisə kataloqları və elektron satınalma imkanları təqdim edən onlayn platformalar işgüzar əməkdaşlığın genişlənməsinə ciddi təkan verə bilər. Cari mərhələdə aqrosənaye, logistika və maşınqayırma sahələrinə fokuslanan pilot ticarət-loqistika platformasının yaradılması və ikitərəfli biznes forumun təşkili üzrə danışıqların başlanması məqsədəuyğun olardı.

Seçilən
58
azertag.az

1Mənbələr