Tbilisi, 24 iyul, AZƏRTAC
Azərbaycan dünya mədəniyyətinə böyük töhfələr verib. Gürcüstanda da çoxlu sayda azərbaycanlı yaşayır. Onlar da öz milli mədəniyyətini, kimliyini yaşadır, inkişaf etdirirlər. Biz də Gürcüstanda Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin inkişafına, daha geniş təbliğinə, tanıdılmasında onlara köməklik göstəririk.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Marneuli Mədəniyyət Mərkəzinin rəhbəri Natella Şavişvili deyib.
Onun sözlərinə görə, Marneulidə Azərbaycan xalçalarıından ibarət sərginin açılması da məhz bu məqsədi daşıyır.
O deyib: “Bugünkü tədbirin təşkilatçısı Marneuli Mədəniyyət Mərkəzidir. Biz bir neçə il bu milli layihə üzərində işlədik. Azərbaycan xalçaları və ümumilikdə Azərbaycan mədəniyyəti marağımızı çəkdi və mədəniyyət mərkəzinin nəzdində Azərbaycan xalçaçılıq studiyasını açdıq. Bu studiyada əsasən Azərbaycan xalçaları toxunur. Burada təşkil olunmuş kurslarda gənclərə xalçaçılığın sirləri öyrədilir. Yaxın və ucqar kəndlərdə qədim Azərbaycan xalçaçılıq və digər toxuculuq sənəti nümunələri var. Biz onların eskizlərini hazırlayırıq və burada toxutdururuq. Hesab edirik ki, biz bu yolla Azərbaycan xalçalarını dünyada tanıdılmasında mühüm işlər görə bilərik.
“Bizim üçün çox vacibdir ki, burda yaşayan müxtəlif millətlərə Azərbaycanın bu mədəniyyətini çatdıraq, omların məlumat bazasını artıraq. Məhz bugünkü keçirilən bu sərginin məqsədi elə budur” – deyə, Natella Şavişvili vurğulayıb.
Onun sözlərinə görə, sərgidə nümayiş olunan xalçalar yalnız Kvemo Kartlidə yaşayan azərbaycanlılar tərəfində toxunulub. Buna görə də əl işi olan bu xalçaçılıq ənənələrinin yaşadılması çox önəmlidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi