Müasir dövrdə diaspor fəaliyyətinin gücləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi hər bir dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan da bu sahəyə xüsusi önəm verir və xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, ictimai-siyasi fəallığının artırılması, eləcə də milli maraqlar naminə daha geniş lobbiçilik imkanlarının formalaşdırılması istiqamətində mühüm addımlar atır. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində diaspor qurumlarının fəaliyyət dairəsi genişlənir, əlaqələndirmə imkanları artır və beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm nəticələr əldə olunur.
Bəs, Azərbaycan diaspor təşkilatlarının dünya miqyasında daha güclü və əlaqəli fəaliyyət göstərə bilməsi üçün dövlət hansı dəstəyi göstərir və bu strukturların lobbiçilik imkanlarını artırmaq məqsədilə hansı yeni mexanizmlər planlaşdırılır?
Mövzu ilə bağlı Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb.
O, açıqlamasında qeyd edib ki, bu gün Azərbaycan dövləti diaspor sahəsinə xüsusi həssaslıqla yanaşır:
" Azərbaycan azsaylı ölkələrdəndir ki, burada bu işlə məşğul olan ayrıca qurum, nazirlik və komitə fəaliyyət göstərir. Bu isə dövlətin bu sahəyə nə qədər diqqətlə və məsuliyyətlə yanaşdığını açıq şəkildə göstərir.
Dövlət, xaricdə yaşayan azərbaycanlılarla sıx əməkdaşlıq edir. Bildiyimiz kimi, müxtəlif ölkələrdə Koordinasiya şuraları yaradılıb, lobbiçilik istiqamətində addımlar atılır və mütəmadi olaraq işlər həyata keçirilir. Eyni zamanda zaman-zaman müxtəlif forumlar təşkil olunur, "Zəfər forumları" keçirilir, dünya azərbaycanlılarının uşaqları üçün düşərgələr təşkil edilir. Bu istiqamətdə işlərin davamlı və sistemli şəkildə aparıldığı aydın şəkildə görünür. Dövlət tərəfindən həm maliyyə, həm də təşkilati baxımdan lazımi dəstək göstərilir. Bütün bunlar Azərbaycanın diaspor siyasətində atdığı uğurlu addımların və yanaşmanın bariz nümunəsidir.
Yeni mexanizmə gəldikdə isə, hesab edirəm ki, dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıların diaspor fəaliyyətinə daha aktiv şəkildə cəlb olunması üçün ardıcıl və planlı işlər davam etdirilməlidir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna uyğun olaraq dərc edilir.