AZ

Urmiya gölü "bir həftəyə tam buxarlana bilər"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Urmiya gölünün şimal hissəsi bir həftə ərzində tamamilə buraxlana bilər.

Bu barədə Qərbi Azərbaycan vilayətinin Ətraf Mühit Baş İdarəsinin müdiri Hüccət Cabbari xəbərdarlıq edib.

O bildirib ki, su ehtiyatlarının idarə olunması, eləcə də Kənd Təsərrüfatı ilə Enerji nazirliklərinin hazırkı su siyasəti davam edərsə, gölün bərpası mümkün olmayacaq.

Urmiya Gölünün Xilas Edilməsi üzrə Milli İşçi Qrupunun üzvü Səid İsapur Cabbarinin açıqlamalarını tənqid edərək, "Bəziləri çıxış yolu göstərmək əvəzinə problemləri şişirdərək əsassız narahatlıqlar yaradır," – deyib.

Bu işçi qrupu təxminən 15 il əvvəl Urmiya Gölünü Canlandırma Mərkəzi kimi yaradılıb, lakin onların gölü bərpasına dair onlarla layihəsi ilə qalıcı nəticə əldə edilməyib.

Qərbi Azərbaycan valisi Rza Rəhmani işçi qrupunun iclasından sonra "Urmiyə gölünün mütləq bərpa olunacağını" bəyan edib. Yerli xəbər agentlikləri Rəhmaninin İran prezidenti Pezeşkianın birinci müavini Məhəmmədrza Ariflə görüşündə "bərpa proqramlarının sürətləndirilməsi və lazımi vəsaitin ayrılması"nın müzakirə edildiyini yazıblar.

Urmiya gölü vaxtilə dünyanın ikinci ən böyük duzlu gölü sayılıb, lakin 20 ildən artıqdır ki, onu qidalandıran bütün çayların üzərində bəndlər tikilməsi gölün qurumasına səbəb olur.

Keçmiş illərdə gölün vəziyyəti ilə bağlı keçirilən etirazlar polis zorakılığı ilə dağıdılıb; Urmiya və Təbrizdə çox sayda mədəni fəal dövlətin göl siyasətinə etiraz etdiklərinə görə saxlanılıb və həbs cəzasına məhkum olunub.

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Seçilən
117
bbc.com

1Mənbələr