Xaqani Cəfərli: "Proses son mərhələdədir və qənaətimcə, sentyabr-oktyabr aylarında bir çox məsələlər aydınlaşacaq"
Ermənistan Respublikası Milli Elmlər Akademiyası Rəyasət Heyətinin konfrans zalında “Əməkdaşlıq yolu ilə həll yolları” adlı “Bir kəmər, bir yol” Beynəlxalq Muzey Konfransı keçirilib. Məqsəd muzey sahəsində innovasiyaları və əməkdaşlığı təşviq etməkdir.
Konfransda peşəkar və elmi dairələrin nümayəndələri ilə yanaşı, Ermənistan, Çin, Gürcüstan muzeylərinin, İranın Mədəniyyət Mərkəzinin, Çinin Milli Mədəni İrs Bürosunun və Ermənistan Respublikası Milli Elmlər Akademiyasının institutlarının mütəxəssisləri iştirak edib.
Ermənistan hökuməti son zamanlar bütün müzakirələrdə, hətta indiki kimi məsələyə heç bir dəxli olmayan konfranslarda belə "Bir kəmər, bir yol" layihəsinə qoşulmağı müzakirə edir. Düzdür, layihənin təşəbbüskarı Çindir, onun da İrəvanda 40 hektarlıq səfirlik kompleksi var. Amma layihənin açar halqası Azərbaycan və Zəngəzur dəhlizidir.
Bu nəzərə alınarsa, Ermənistan Azərbaycanla sülh sazişi imzalamadan və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmadan onun "Bir kəmər, bir yol" layihəsinə qoşulması mümkündurmü?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, Zəngəzur dəhlizi ilə bağlı yayılan informasiyaları diqqətlə izlədikdə belə qənaət yaranır ki, Ermənistan və qismən də Azərbaycan bu dəhliz ətrafında vəziyyətin nədən ibarət olmasına aydınlıq gətirmək əvəzinə çaşqınlığı artırırlar: "İstisna deyil ki, vəziyyət məhz belədir və tərəflər uyğun vəziyyət yaranana qədər bölgədə maraqları olan dövlətləri çaşbaş salmağa üstünlük verirlər. Elə bir təəssürat yaradılıb ki, sanki Ermənistan və Azərbaycan bütün böyük dövlətlərə qarşı öz fikirlərini həyata keçirməyə çalışırlar. Bu, qəzet səhifələrində belə təqdim oluna bilər. Gerçək həyatda belə dəhlizlər böyük güclərin əksər hissəsinin dəstəyini qazandıqda effektli olur.
Ermənistanın Azərbaycanla anlaşmadan Zəngəzur dəhlizini açmaq istəməsi də, zənnimcə, məhz görüntüdür. Ermənistanda proseslərin aydınlaşmasını gözləyirlər. Hələlik beynəlxalq və regional məsələlərə tam aydınlıq gətirilməyib. Ancaq proses son mərhələdədir və qənaətimcə, sentyabr-oktyabr aylarında bir çox məsələlər aydınlaşacaq".
Akif NƏSİRLİ