Sea Breeze

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Rayon Polis Şöbəsinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun məsul şəxsləri, “Gündoğar” rayon qəzetinin redaktoru, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri və fəal üzvləri, hüquqşünaslar, psixoloqlar, ictimaiyyət nümayəndələri, gənc skautçular və məktəblilər iştirak edib.

İlk öncə Ümummili Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbir zamanı çıxış edənlər uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasının, onların yaşına uyğun olmayan, psixoloji və mənəvi inkişafına zərər vura biləcək məlumatlardan qorunmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, uşaqların zərərli informasiyadan müdafiəsi yalnız valideyn və müəllim nəzarəti ilə deyil, həm də dövlətin hüquqi mexanizmləri ilə tənzimlənir. Bu baxımdan iştirakçılar “Azərbaycan Respublikasında uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, bu qanun uşaqların fiziki, əqli və mənəvi inkişafına təhlükə yaradan informasiyaların qarşısının alınması üçün hüquqi çərçivə yaradır. Qanuna əsasən, uşaqlarla bağlı təqdim edilən materiallar onların yaş kateqoriyasına uyğun olmalı və zərərli məzmunlardan qorunma təmin edilməlidir. Çıxışlarda həmçinin sosial şəbəkələrdən şüurlu istifadə mədəniyyətinin formalaşdırılması, media savadlılığının artırılması, onlayn zorakılıq və kibertəhlükələrə qarşı maarifləndirmənin zəruriliyi xüsusi vurğulanıb.

Tədbir zamanı gənc skautçular da öz uğur hekayələrini bölüşərək, informasiya resurslarından necə düzgün istifadə etdiklərini, zərərli kontentlə qarşılaşdıqda hansı addımları atdıqlarını iştirakçılarla paylaşıblar.

Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

ETX
ETX
ETX