UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirən "Sabah" bu gün Moldova səfərində "Petrokub" ilə meydana çıxacaq. Futbol eksperti Aslan Kərimov Metbuat.az-a açıqlamasında bildirib ki, “Petrokub” Moldovanın ən öndə gedən iki klubundan biridir, heyətində kifayət qədər legioner oyunçular var: ““Sabah” komandası zaman-zaman çox yaxşı hücum potensialını göstərə bilir. Düşünürəm ki, bu oyunda da rəqib meydanında oynasalar belə, “Sabah”ın ən üstün cəhəti onların sürətli hücuma keçidləridir. Çünki istər-istəməz yerli komanda “Petrokub” öz meydanında daha hücumameyilli oynamağa məcbur olacaq. Bu zaman müdafiədə boşluqlar yaranacaq və “Sabah” bundan istifadə edə bilər. “Selye” ilə oyunda da bu aydın görünürdü ki, “Sabah”ın sürətli keçidləri çox effektli qol imkanları yaratmışdı”. Müdafiə xəttini müqayisə edən ekspert düşünür ki, “Selye”nin müdafiəsi “Petrokub”dan daha keyfiyyətli idi. Bu səbəbdən “Sabah” Moldova təmsilçisinin müdafiəsini yarmağa qadirdir: “Sadəcə müdafiə baxımından özümüz də bəzən çoxlu səhvlərə yol veririk. “Petrokub”un “Sabah”a nə dərəcədə təzyiq göstərə biləcəyini dəqiq bilmirəm, amma inanmıram ki, “Selye” qədər güclü təsir göstərsinlər. Hər halda maraqlı oyun olacaq. Birinci oyun “Sabah” üçün çətin keçəcək, çünki səfərdə, rəqib azarkeşləri qarşısında oynamaq asan deyil. Amma məğlub olmasaq, bu cütün taleyini Bakıda həll edə bilərik. Məncə, “Sabah” bu oyunun favoritidir. Minimum heç-heçə ilə ayrılmaq mümkündür. Əgər bir az da diqqətli oynasaq, qələbə şansımız da yüksəkdir. Çünki “Sabah”ın fərdi ustalığı yüksək olan futbolçuları var və onların sayəsində çoxlu qol imkanları yarana bilər”.Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Sevinc İbrahimzadə / Metbuat.az