“Avrasiyanın geosiyasi anatomiyası dəyişir. Yeni dünya düzəni artıq ideoloji bloklardan imtina edərək, suveren iradələrin çevik koordinasiyası və güc mərkəzlərinin funksional birliyi ilə formalaşır. Bu konfiqurasiya daxilində Azərbaycan və Türkiyə tandeminin strateji yüksəlişi, yalnız regional hadisələrə deyil, qlobal güc ekosisteminin yenidən qurulmasına təsir edən faktora çevrilməkdədir”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Komitə sədri daha sonra qeyd edib: “Amerikalı strateq Bzejinski deyirdi ki, Avrasiyaya kim nəzarət edirsə, dünyanın siyasi taleyini müəyyənləşdirir. Bu gün Zəngəzur dəhlizi, Türk Dövlətləri Təşkilatı, enerji koridorları, transxəzər rabitə xətləri və ortaq müdafiə təşəbbüsləri Azərbaycan və Türkiyəni sadəcə müttəfiqqə çevirməyib, eyni zamanda regional sinerji generatoruna çevirib. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tandemində müşahidə olunan liderlik harmoniyası, Brzezinskinin “komplementar güclərin koordinasiyası” kimi dəyərləndirdiyi strateji anlayışla üst-üstə düşür. Bu müttəfiqlik hegemonluğa deyil, funksional güc bölgüsünə, qarşılıqlı etimada və siyasi hörmətə əsaslanan tərəfdaşlıq modelinə dayanır. Bu ittifaq ancaq dostluq və qardaşlıq üzərində qurulmayıb, eyni zamanda ortaq vizyonun və tarixi məsuliyyətin sinxron təzahürü kimi də çıxış edir.
Xüsusilə qeyd olunmalıdır ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ortaq liderlik modeli ilə post-qərb dövründə regional müttəfiqliklər qlobal proseslərə real təsir göstərə bildiklərini sübut edirlər. Onların birgə addımları Avrasiyada sabitlik, təhlükəsizlik və inkişaf üçün yeni bir siyasi arxitektura formalaşdırır. Bu model qarşılıqlı hörmətə və tarazlı güc paylaşımına əsaslanır”.
Mürtəza