Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi-sənaye kompleksi (VPK) müəssisələrinə və enerji infrastrukturu obyektlərinə qarşı genişmiqyaslı hücum həyata keçirildiyini bildirib.
Nazirliyin rəsmi Telegram kanalında yayılan məlumatda qeyd olunur ki, 24 iyul gecəsi Rusiya Silahlı Qüvvələri tərəfindən yüksək dəqiqlikli uzaqmənzilli silahlar və zərbə PUA-lar (pilotsuz uçuş aparatları) vasitəsilə qrup halında zərbələr endirilib.
> “Zərbələrin əsas hədəfi Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətini təmin edən hərbi sənaye müəssisələri və enerji obyektləri olub. Bütün müəyyən olunmuş hədəflər uğurla məhv edilib”, – məlumatda deyilir.
Bundan əlavə, Müdafiə Nazirliyi “xüsusi hərbi əməliyyat” çərçivəsində baş verənlərə dair gündəlik operativ xülasəni də təqdim edib. Bildirilib ki, Rusiya ordusunun operativ-taktiki aviasiyası, raket qoşunları, artilleriya birləşmələri və zərbə PUA-ları 136 müxtəlif rayonda Ukrayna tərəfinin canlı qüvvəsi, silah-sursat anbarları, yanacaq saxlancları və pilotsuz aparatların yığma sexlərini hədəfə alıb.
Nazirlik, həmçinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə dair məlumat yayıb. Bildirilir ki, son sutka ərzində 6 idarə olunan aviabomba, bir uzun mənzilli “Neptun” raketi və ümumilikdə 217 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib.
//Samir Qurbanov, Editor.az