AZ

İlqar Orucov: Tələbələrin təqaüdlərinin artırılması ilə bağlı Sərəncam akademik göstəricilərin yüksəldilməsini stimullaşdırır

Bakı, 24 iyul, AZƏRTAC

Prezident İlham Əliyev bu gün doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması, eyni zamanda, tələbələrə təqaüdlərin verilməsi ilə bağlı 2019-cu il 14 fevral tarixli Sərəncama dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın əsas məqsədi, orada da qeyd olunduğu kimi, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, bu Sərəncam Prezidentin təhsilə olan dərin diqqət və qayğısını, digər tərəfdən isə həssas əhali qruplarına, xüsusilə də maddi dəstəyə ehtiyacı olan tələbələrə göstərilən diqqətin davamı kimi qiymətləndirilməlidir: “Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin sosial yönümlü olması bir daha təsdiqini tapır. Bu Sərəncam təkcə sosial dəstək xarakteri daşımır, eyni zamanda, stimullaşdırıcı mexanizm rolunu oynayır. Belə ki, təqaüdlərin verilməsində diferensial yanaşma tətbiq olunur, yəni tələbələrin akademik göstəricilərinə əsasən təqaüdlərin məbləği dəyişir. Doktorantura səviyyəsində konkret rəqəmlər göstərilsə də, magistratura, bakalavriat, orta ixtisas və peşə təhsili müəssisələrində bu yanaşma akademik nailiyyətlərə əsaslanaraq müəyyən edilir.

Bu isə o deməkdir ki, bütün tələbələr dövlətin diqqətindədir, lakin daha yüksək akademik nəticələr göstərən tələbələr daha yüksək məbləğli təqaüdlərlə təşviq olunur. Bu, həm tələbələrin daha yaxşı oxumasına təkan verir, həm də onları ümumilikdə akademik göstəriciləri yüksəltməyə motivasiya edir.

Sərəncamı iki əsas aspekt üzrə qiymətləndirirəm: birincisi, sosial müdafiənin gücləndirilməsi və həssas qruplara dəstək, ikincisi isə akademik göstəricilərin yüksəldilməsinə yönəlmiş stimullaşdırıcı addımdır. Bu baxımdan Prezidentin Sərəncamı ölkəmizdə həyata keçirilən sosial və təhsilyönümlü siyasətin daha bir bariz nümunəsidir”.

Seçilən
54
azertag.az

1Mənbələr