AZ

“Bu cür filmlər qəhrəmanlarımızı gənclərə tanıtmaqla yanaşı, onların vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərir”

44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri ilə yanaşı, Azərbaycan həkimlərinin, tibb işçilərinin də böyük fədakarlıqlar göstərdiyi, 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verdiyi heç kimə sirr deyil. Ömrünü vətənin  azadlığına fəda edən bu cür hərbi tibb qulluqçularından biri də Eldar Abdullayevdir.

Xatırladaq ki, Eldar Abdullayevin müharibə zamanı göstərdiyi qəhrəmanlıqlar “Şəhidlər evə qayıdır” filmi vasitəsilə əbədiləşdirilib. Sumqayıt Tibb Mərkəzinin təşəbbüsü və dəstəyi ilə çəkilən filmin prodüseri Ramil Zeynallıdır.

Maraqlıdır, şəhidlərimizlə bağlı ərsəyə gətirilən bu cür filmlər onların xatirəsini əbədiləşdirməklə yanaşı, həm də gənclərimizin vətənpərvərlik tərbiyəsinə nə verir?

Mövzu ilə Moderator.az-a açıqlama verən Xalq artisti Valeh Kərimov bu cür filmlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Təbii ki, şəhidlərimiz, qəhrəmanlarımızla bağlı filmlərin çəkilməsi olduqca vacib və əhəmiyyətlidir. Çünki bu cür filmlər hər şeydən öncə şəhidlərimizin, eləcə də onların göstərdiyi qəhrəmanlığının əbədiləşdirilməsinə xidmət edir.

İkinci mühüm amil bu cür filmlərin gənclərin vətənpərvəlik tərbiyəsinə müsbət təsir göstərməsi ilə bağlıdır.

Unutmaq olmaz ki, bu gün bütün dünyada filmlər xalqın qəhrəmanlıq tarixinin təbliğində mühüm yer tutur və çox böyük təsir gücünə malikdir. ABŞ, Qərb ölkələri tarixi qəhrəmanlıq filmlərinin çəkilməsinə mühüm diqqət yetirir, filmlər vasitəsi ilə öz qəhrəmanlarını bütün dünyaya tanıdırlar. Keçmiş SSRİ-nin özündə də bu cür filmlərin çəkilməsi diqqətdə saxlanılır, qəhrəmanlar, mühüm tarixi hadisəlrə filmlər vasitəsilə geniş təbliğ olunurdu. Bu baxımdan Azərbaycanda da şəhidlərimizlə bağlı bu cür filmlərin çəkilməsi təqdirəlayiqdir.

Mən “Şəhidlər evə qayıdır” filminin ərsəyə gəlməsində verdiyi dəstəyə görə Sumqayıt Tibb Mərkəzinə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, biz bundan sonra da qəhrəmanlarımızla bağlı filmlərin çəkilməsini diqqətdə saxlamalıyıq. Unutmamalıyıq ki, sabahkı gənclərin vətənprəvərlik tərbiyəsinin səviyyəsi bizim bu gün apardığımız təbliğati işdən, bu işin keyfiyyətindən asılıdır”.

Seymur ƏLİYEV

 

Seçilən
9
1
moderator.az

2Mənbələr