İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında Türkiyə ilə Somali arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsinin Azərbaycan üçün də yeni imkanlar açacağını bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq ölkəmizin xarici iqtisadi siyasəti baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu cür əlaqələr Azərbaycanın xarici ticarət əlaqələrinin və iqtisadi əməkdaşlıq coğrafiyasının şaxələndirilməsi baxımından böyük önəm daşıyır. Xüsusilə də Afrikaya çıxış imkanlarının genişlənməsi strateji baxımdan önəmlidir. Afrika bazarı hər nə qədər alıcılıq qabiliyyəti baxımından Avropa ilə müqayisədə zəif görünsə də, sürətli böyümə tendensiyası və iqtisadi inkişaf perspektivləri bu regionu cəlbedici edir. Azərbaycan üçün Afrika bazarına çıxış imkanları baxımından Türkiyə-Somali münasibətlərinin dərinləşməsi olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycan bu əməkdaşlığa qoşulmaqla həm regional, həm də beynəlxalq iqtisadi inteqrasiyasını gücləndirə bilər. Azərbaycan–Türkiyə–Somali üçtərəfli əməkdaşlığının inkişafı isə hər üç ölkəyə yeni iqtisadi perspektivlər vəd edir."
Pərvanə Fərhadqızı