"Brayton" klubunun və Ekvador millisinin sol cinah müdafiəçisi Purvis Estupinyan "Milan"a keçib.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya nəhənginin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi ilə müqavilə 5 il müddətə - 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, mətbuatda yayılan məlumatlara görə, "rossoneri" 17 milyon avro xərcə düşüb. Bundan başqa, bonuslara 2 milyon ödəniləcək.
Beləliklə, Estupinyan "Milan"ın tarixində ilk ekvadorlu olub.
Müdafiəçi 2022-ci ilin yayından "Brayton"da çıxış edirdi. O, həmçinin "Udineze", "Uotford", "Almeriya", "Malyorka" və "Vilyarreal"da da çıxış edib. Müdafiəçi Ekvador millisinin heyətində 48 oyunda 4 qol vurub.
Estupinyan keçən mövsüm "Brayton"da bütün turnirlərdə 36 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.