AZ

Ukrayna ilə Rusiya arasında yeni əsir mübadiləsi aparılıb

Bakı, 24 iyul, AZƏRTAC

Rusiya çərşənbə günü, iyulun 24-də elan edib ki, İstanbulda əldə olunan razılaşmalara əsasən, Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsinin növbəti mərhələsi həyata keçirilib.

RF Müdafiə Nazirliyi bildirib ki, bir qrup Rusiya hərbçisi Ukraynadan geri qaytarılıb. Amma nazirlik onların sayını açıqlamayıb.

Məlumatda bildirilir: “İyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına əsasən, bir qrup rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində bir qrup Ukrayna Silahlı Qüvvələrinin əsiri qarşı tərəfə təhvil verilib”.

Nazirlikdən bildirilib ki, geri qaytarılan Rusiya hərbçiləri hazırda qonşu Belarusun ərazisində yerləşdirilib və onlara lazımi psixoloji və tibbi yardım göstərilir.

Ayrı-ayrılıqda, İstanbulda ölkələrin sülh danışıqlarının üçüncü raundu başa çatdıqdan sonra keçirilən mətbuat konfransında çıxış edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski hər iki tərəfdən təxminən 250 nəfərin mübadiləsinin aparıldığını bildirib. O deyib: “Hazırda Ukrayna-Belarus sərhədində hər iki tərəfdən təxminən 250 hərbi əsirin son partiyaları dəyişdirilir. Beləliklə, təxminən 1200 nəfərin ikinci misli görünməmiş genişmiqyaslı mübadiləsi başa çatıb”.

Ukrayna Prezidenti Volodimir Zelenski isə humanitar razılaşma nəticəsində 1000-dən çox ukraynalı əsgərin vətənə qaytarıldığını bildirib. Onun sözlərinə görə, bəzi əsgərlər 3 il rus əsirliyində olub. O, hərbçilərin həm tibbi yardım alacağını, həm də psixoloji reabilitasiya keçəcəyini bildirib.

Seçilən
22
2
azertag.az

4Mənbələr