BAKI, 24 iyul. TELEQRAF
Qoyulan hədəf göstəricisinə yaxınlaşması səbəbindən Dövlət Neft Fondu qızılın alışını dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini Bəhruz Bəhramov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ARDNF-in investisiya siyasətinə əsasən, qızıl altportfelinin ümumi investisiya portfelindəki çəkisi 25% həcmində müəyyənləşdirilib. Bu göstəricidən maksimal yuxarı uzaqlaşma intervalı isə 4 % səviyyəsində müəyyən edilib.
“Bundan sonrakı dövrdə də qızılın volatillik riski həmişə var. Volatillik həm daha yuxarı istiqamətdə, həm də aşağı trenddə özünü göstərə bilər”, - qurum rəsmisi əlavə edib.
Qeyd edək ki, cari ilin 6 ayında ARDNF-in investisiya portfelində qızılın payı 28,8% olub. Ümumilikdə Fondun investisiya portfelində 181,1 ton qızıl mövcuddur.