Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Offsideplus.az saytına müsahibəsi
- "Qarabağ"ın "Şelburn"a qarşı keçirdiyi oyunda təmsilçimizin performansını necə dəyərləndirirsiniz?
- Təlim-məşq toplanışından sonra birinci rəsmi oyun həmişə ağır olur. “Qarabağ” dünən yaxşı oynadı. Ciddi bir problem görmədim. Hiss olunurdu ki, təzə futbolçuların hər ikisi “Qarabağ”ın üslubunda oynaya bilirlər. Stadion yığcam, ot örtüyü əla idi. “Qarabağ”ın tək problemi künc və cərimə zərbələrində oldu. Rəqib belə məqamlardan çox yaxşı istifadə edirdi. Bu, “Şelburn”un oyun tərzidir. Ancaq mən deyərdim ki, “Qarabağ” get-gedə öz oyununu artıracaq. Bəziləri deyirlər ki, komanda növbəti matçda sakitləşə bilər. Mən buna inanmıram. Çünki heyətdə kifayət qədər peşəkar oyunçular var. Onlar qələbədən sonra sakitləşməməlidir, əksinə təzyiqi daha da artırmalıdırlar. Ola bilər ki, heyətdə rotasiyalar olsun. Birinci oyunu çox keyfiyyətli oynadılar. Rəqib “Qarabağ”dan zəif idi, bunun söhbəti yoxdur, üstəlik, komandamızın təcrübəsi də öz sözünü dedi. Digər tərəfdən istək amili də var. Oyunda bir məqam çox xoşuma gəldi. Deməli, qol epizodlarında bütün komanda qol vuranın ətrafına toplanıb sevincini coşqun şəkildə göstərirdi. Belə nüanslar motivasiyadan xəbər verir. “Qarabağ” bu cür də davam etməlidir.
- Bəs “Zirə” “Hayduk”a qarşı necə oynadı?
- “Zirə” çox yaxşı oynadı. Mən bu komandaya inanıram. “Zirə”nin xarakteri var. Bu mövsüm Azərbaycan çempionatında da çox stabil oyun nümayiş etdirdilər. Komanda az top vursa belə, az top da buraxaraq hesabı saxlamaq qabiliyyətindədir. Bu, çox vacib məqamdır. Birinci oyuna görə dünən çox yaxşı idi.
- Qələbə üçün nə çatmadı?
- “Hayduk” çox yaxşı komandadır. Üstəlik, Xorvatiya təmsilçisidir. Bilirsiniz ki, Xorvatiya futbol ölkəsidir. İkinci oyunda “Zirə”nin qələbə üçün böyük şansı var. Çünki əsas odur ki, rəqibə qol üçün imkan verməyəsən. “Zirə” müdafiədə normal oynayır.
- Onda problem hücumda idi?
- Dünən hücumda müəyyən boşluqlar var idi. Hücumdan danışmışkən, Rafael Utziq məsələsinə də toxunmaq istəyirəm. Mən məşqçinin işinə qarışa bilmərəm, ancaq bu qərara görə Rəşad Sadıqovu dəstəkləyirəm. Nizam-intizam hər şeydən öndə gəlir. Bildiyim qədərilə qaydaları pozduğu üçün klub Utziqi cərimələyib. Düz də ediblər. “Zirə” düzgün yoldadı.
- Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan” "Aris"lə qarşılaşacaq. Avrokuboklardakı təcrübə amilindən çıxış etsək, sizcə, “Araz-Naxçıvan” bu matçda sürpriz edə bilərmi?
- Sürpriz niyə olur ki? “Araz-Naxçıvan”a çox yaxşı oyunçular gəlib. Ümumiyyətlə, komanda çempionatda yaxşı oyun göstərdi. Avrokuboklara gəldikdə isə burada hər şey özlərindən asılıdır. Komanda istəklidir, özü də yaxşı təlim-məşq toplanışı keçiblər. İnanıram ki, bugünki oyunda qələbə qazana biləcəklər. Çünki heyətdə kifayət qədər yaxşı və təcrübəli oyunçular var, xüsusilə də orta xəttdə.
- Bəs "Petrokub" - "Sabah" qarşılaşması haqqında nə düşünürsünüz?
- Əvvəla deyim ki, “Sabah” Avropa Liqasının birinci təsnifat mərhələsində "Çelye"yə qarşı səfər matçında çox yaxşı oynadı. Sadəcə, mövqe səhvlərinə görə uduzdu. Fikrimcə, Moldova klubu üzərində qələbə qazana bilərlər. “Sabah” çempionatı bir məşqçi ilə bitirib, hazırlıqlara başqa məşqçi ilə başladı. Üstəlik, vaxt çox az idi. Avropada iki-üç həftə hazırlaşıb oyun uda bilməzsən. Həmçinin yeni məşqçinin futbol fəlsəfəsini mənimsəmək üçün vaxta ehtiyac var. Avropaya qışdan hazırlaşmaq lazımdır. Həm oyunçu, həm də fiziki hazırlıq baxımından. “Sabah”ın Bakıdakı oyunu uduzmalı oyun deyildi. Komanda uşaq səhvləri etdi. Ancaq növbəti matçda həmin səhvlər azaldı. Bir həftə ərzində xeyli iş görülmüşdü. “Sabah”dan bu gün yaxşı oyun gözləyirəm.