"Biz, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 22-də yaşayan sakinlər olaraq ciddi narahatlıq keçiririk. Yaşadığımız binanın yaxınlığında yerləşən "Room" adlı gecə klubu hər gecə səhərə qədər səs-küy salaraq istirahət hüququmuzu pozur".
MilliYol.az xəbər verir ki, bunu Tərlan Əliyarbəyov küçəsi, ev 22 ünvanında yaşayan sakinlər mediaya müraciətlərində deyiblər.
Onların sözlərinə görə, gecələr davam edən yüksək musiqi səsi və klubun ətrafında yaranan səs-küylü mühit onları gecə saatlarında dincəlmək imkanından məhrum edir:
"Dəfələrlə klubun rəhbərliyinə bu məsələ ilə bağlı müraciət etsək də, heç bir nəticə əldə etməmişik. Görünür, klub rəhbərliyi bu cür məsuliyyətsiz davranışına görə arxasında dayanan şəxslərə güvənir və sakinlərin haqlı narazılığını nəzərə almır".
Qeyd edilir ki, Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin "Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması" adlanan 521-ci maddəsinə əsasən, "mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Sakinlər yaşadıqları binanın yanında fəaliyyət göstərən "Room" gecə klubu ilə bağlı tədbir görülməsini xahiş edir.