Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert Eyyub Hüseynov Ajans.az-a açıqlama verib. O bildirib ki, parfümeriya bazarı hazırda ölkənin ən çirklənmiş seqmentlərindən biri sayılır. İllər əvvəl, “Sabina” parfümeriya və kosmetika şəbəkəsində nöqsanlar aşkar edildi. Bazarlarda parfümeriyanı dərindən anlayan şəxsin köməyi ilə çoxlu sayda saxta parfümeriyalar ortaya çıxarıldı. Həmin satış yerləri və məhsullar şikayət edilərək, ifşa edilmişdir. Sadəcə, saxta məhsulu tapmaq çətindir. Çünki onun qablaşdırılması həqiqidən seçilmir. Ekspert bildirib ki, “Sabina”dan sonra yaranan yerli şirkətlərin heç biri şəffaflığı qorumağa maraqlı deyillər. Bu da, onu göstərir ki, bir çox şirkətlər saxta məhsul istehsalında özləri də şərikdirlər. Vətəndaşlar, aldıqları parfümün üzərində mütləq tarixçəni tələb etməlidirlər. Lakin böyük faiz etibarı ilə, çox məhsulun üzərində heç bir tarixçə qoyulmur. Bir qrup istehlakçılar parfümlərin üzərindəki kodları müəyyən saytlara göndərirlər. Nəticədə onlara məhsul haqqında məlumat verilir. Hətta çox vaxt vaxtı keçmiş parfümlərin olduğu da ortaya çıxır. Eyyub Hüseynov deyib ki, parfümeriya biznesi ilə məşğul olanlar bazarın təmizliyinə qətiyyən maraqlı deyillər. Hazırda bəzi yerlərdə alıcının gözü önündə məhsul hazırlanır və təqdim olunur. Vaxtı keçmiş parfümlərin insan səhhətində buraxdığı izlərin bir çoxuna həkimlər belə əlac edə bilməz. Müştərilər ətir, kosmetika alarkən, diqqətli olmalıdırlar. Son yararlılıq, tərkib, istehsal tarixini mütləq tələb etməlidirlər. İstehlakçılar bilməlidirlər ki, Nazirlər Kabinetinin 114 saylı qərarına görə, parfümeriya malları dəyişdirilməyən, qaytarılmayan mallar siyahısındadır. Bu istehlakçı hüququna zidd hesab edilir. Müştəri saxta məhsulu alarkən, onu qaytarmaq hüququna malik olsa, daha yaxşı olar. Belə qərardan ən çox biznes qurumları sui-istifadə edir. Çünki onların toxunulmazlıq hüququ vardır. Nəticədə istehlakçı hüquqları pozulur.
Ekspert söyləyib ki, Nazirlər Kabinetinin 343 saylı qərarı illər boyu mövcud olub. 10 ildən artıqdır ki, bu qərar ləğv olunub. Yəni ki, bu tip məhsullar gömrükdən rahatlıqla buraxılır. “Azad İstehlakçılar Birliyi”nə hər həftə bu məsələ ilə bağlı bir çox şikayət daxil olur. Qurum vətəndaşları yönləndirərək bildirir ki, bu tip şikayətlərdə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər.