AZ

Azərbaycan ehtiyatlı olmalıdır: Ermənistanın Zəngəzur dəhliziylə bağlı hiyləgər və çevik siyasət aparır

 Ermənistanın da ikili oyun oynayaraq hər tərəfdən mənfəət əldə etməyə çalışdığı aydın görünür


Ermənistan Baş naziri Nikol Paşinyanın komandası onun Altaya səfəri zamanı Syünikdən (Zəngəzur) keçən yolun taleyi ilə bağlı Rusiya hakimiyyəti ilə kuluar danışıqları aparacağını güman edir.
Bu barədə “Hraparak” məlumat yayıb.
Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasında hesab edirlər ki, Paşinyan Moskva ilə “dəhliz” məsələsini müzakirə edəcək.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya iki günlük işgüzar səfərə gedəcək. Ermənistan lideri Altayda təbiətin mühafizəsi ilə bağlı beynəlxalq konfransda iştirak edəcək.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat bildirib.
Paşinyan özü ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsini istisna etməyib.
İspaniyanın “Periodista Digital” nəşri isə Zəngəzur dəhlizi ilə bağlı gizli memorandumu əldə etdiyini və bu sənədin Ermənistanla ABŞ tərəfindən təsdiq edildiyinə dair iddia ilə çıxış edib.

Politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, Rusiya Zəngəzur dəhlizinin açılmasını öz nəzarətindən çıxarmaq istəmir:

"Hətta 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatda Rusiyanın bu dəhlizə nəzarət etməsi ilə bağlı bir bəndin olduğu, lakin sonradan həmin bəndin sənəddən çıxarıldığı bildirilir. Hazırda həm ABŞ-ın, həm Avropa ölkələrinin, həm də region dövlətləri olan Türkiyə və İranın bu dəhlizə xüsusi maraq göstərdiyi şəraitdə Ermənistanın da ikili oyun oynayaraq hər tərəfdən mənfəət əldə etməyə çalışdığı aydın görünür. Belə ki, Ermənistan “əgər bu dəhliz mənim ərazimdən keçirsə, mən ondan maksimum faydalanmalıyam” prinsipi ilə hərəkət edir. Bir tərəfdən ABŞ-la dəhlizin icarəyə verilməsi ilə bağlı müzakirələr həyata keçirir, digər tərəfdən Rusiya ilə dəhlizə sülhməramlıların nəzarət etməsi barədə danışıqlar aparır. Yəni hansı tərəf daha sərfəli və maraqlı təklif irəli sürərsə, Ermənistan onunla razılaşmağa meyllidir təəssüratı yaranır.
Bundan başqa, Ermənistanın daxili ictimai rəyini də nəzərə almaq lazımdır. Belə ki, ölkə daxilində bu dəhlizin açılmasına qarşı çıxan və onu dəstəkləyən müxtəlif siyasi qruplar var. Xüsusilə də Rusiya tərəfdarı olan, keçmiş Sarkisyan-Koçaryan komandalarına bağlı qüvvələr bu dəhlizin Rusiyanın nəzarəti olmadan reallaşmasına qəti şəkildə qarşı çıxırlar. Bu baxımdan, Ermənistan hökuməti pərdəarxası danışıqlar apara, yaxud Rusiya ilə gizli anlaşmalar əldə etməyə çalışa bilər. Nəticə etibarilə, Ermənistan bu dəhlizdən maksimum siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından faydalanmaq üçün hiyləgər və çevik siyasət aparır".

Analitikin sözlərinə görə, rəsmi açıqlama hələlik verilməsə də, “Hraparak” qəzetinin yaydığı məlumatlar doğrudursa, Azərbaycan ehtiyatlı olmalıdır:
"Çünki Ermənistan əvvəlcə Azərbaycanla Abu Dabidə görüş keçirir, daha sonra Altayda başqa bir formatda toplantıya qatılır. Belə olan halda, Azərbaycan öz maraqları kənarda qalaraq Ermənistan-Rusiya ittifaqından zərər çəkmiş vəziyyətə düşə bilər. Bu səbəbdən də, bütün bu məqamlar nəzərə alınmalı və ehtiyatlı davranılmalıdır. Düşünürəm ki, Xarici İşlər Nazirliyimiz bu riskləri və mümkün ssenariləri nəzərə alır".
Seçilən
33
50
sherg.az

10Mənbələr