“Türkan Şoraya bənzədiyim üçün mənə dəvətlər çox gəlir. Türkiyədən bir neçə rejissor yazıb, məni dəvət edib. Hətta dediklərinə görə Türkan Şorayla əlaqələri də var, bizi tanış edəcəklər. Yerli aktyor və rejissorlardan da mənə təkliflər var. Mən bu sahədə yeni olduğum üçün hələ ki, kimin necə, nə cür olduğunu bilmirəm, aldadıla bilərəm. Amma Türkiyədən dəvət gələn kastinq şirkəti çox ciddi və sanballıdır. Dəyərləndirib, dəyərləndirməyəcəyim hələ ki, sual altındadır”.
Bunu Moderator.az-a açıqlamasında məşhur aktrisa Türkan Şorayın azərbaycanlı bənzəri Şəfəq Abdullayeva deyib.

O daha sonra sənətçi ilə görüşə cəhd etdiyini də bildirib:
“Çox sevinirəm ki, onun mənim varlığımdan xəbəri var. Fotoşəkilimi ona yollayıblar və bənzərliyimizdən şoka düşüb. İyun ayının 28-də 80 illik yubileyi oldu. Çox maraqlandım ki, Türkiyədə onunla bağlı tədbirlərdən birinə qatılıb, Türkan xanıma yaxınlaşıb, tanış olum. Bu mənim üçün böyük xəyal olar. Onun gəncliyini bir filmdə oynamaq istərdim. Bu mənim ən böyük arzumdur” deyə o bildirib.
O daha sonra əlavə edib:

“Türkan xanımın fan səhifələrini də yaxından izləyirəm. Türkiyənin Məlikə İpək Yalova adında bir aktrisası var. “Möhtəşəm yüzil”-də İzabella rolunu oynayıb. İrigözlü xanımdır. Türkiyədə bu xanımı Türkan Şoraya çox bənzədirlər. Məni həmin xanıma da oxşayırlar. Bu gün bir çoxları estetik və plastik əməliyyat etdirməklə özlərini Türkan xanıma oxşadırlar. Heç bir botoks, iynə, plastik əməliyyat olmadan Türkan xanıma bənzəmək, ilahidən bənzəmək deməkdir. Şükür Allaha mən uşaq yaşlarımdan ona bənzədilmişəm. Hara gedirdimsə deyirdilər ki, “Türkan Şoray gəlir” Hansı məclisə bəzənib gedirdimsə məni Türkan xanıma bənzədirlər. Mikrofonu götürüb məni xüsusi qeyd edib, alqışlayırdılar” deyə o bildirib.