Sovetlər dönəmində Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu xətti birləşdirirdi. Biz də ata-baba yurdumuz olan Ordubada Bakı-Şərur (əvvəllər Bakı-İliç, Bakı-Noraşen) adlanan həmin qatarla gedib-gələrdik.
Sonuncu qatarla 13 noyabr 1991-ci ildə Bakıya gəldik. İndi Zəngəzur dəhlizi adlanan Mehri rayonundan keçərkən qatar daşa basıldı, şüşələri sındırıldı. Səhv etmirəmsə, bu, Bakı-Şərur-Bakı reysi üzrə yerinə yetirilən sonuncu gediş-gəliş oldu.
1988-ci ildə Qarabağ münaqişəsi başlayandan sonra sovet sərhədçiləri Mehri stansiyasında qatarlara daxil olub pasport yoxlaması həyata keçirirdilər. İndi Ermənistanın Zəngəzur dəhlizini 100 il müddətinə ABŞ-yə icarəyə verəcəyi barədə yayılan xəbərlər həmin günləri yenidən yadıma salır. Düşünürsən ki, aradan qırx ilə yaxın vaxt keçib, Azərbaycanla Ermənistan arasında iki müharibə olub, bu qədər şəhid verib qalib gəlmişik ki, yenə də öz vətənimizə hansısa əcnəbi əsgərin yoxlanışından keçərək gedək?
Bu xatirələr burulğanında yadına düşür ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bu məsələ ilə bağlı qəti mövqeyini bildirib: “Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda, vətəndaşlarımız təhlükə altında olacaqlar”.
107 il əvvəl Azərbaycanın tarixi torpaqları hesabına Ermənistan adlı dövlət yaratdılar, 105 il əvvəl Sovet Azərbaycanından zorla Zəngəzur dəhlizini alıb Ermənistana verdilər. Ermənistanın müstəqilliyini bərpa etməsindən 34 il keçsə də, bu ölkədə “sərhədlərimizi özümüz qorumalıyıq” düşüncəsində olan nəsil yetişmədi. 1991-ci ildə 3 milyon nəfər əhalisi olan Ermənistanın bugünkü əhali sayı 2 milyondan aşağı enib. Robert Koçaryan dövründə Ermənistan sərhədlərinin mühafizəsini Rusiyaya həvalə etdi. İndi də Zəngəzur dəhlizini ABŞ-yə icarəyə verirlər. Bəs deyirdilər Vətən sərhəddən başlayır? Belə dövlət olar?
Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl