AZ

Ehsan yükü: “Qonşudan geri qalmayaq” yarışının ağır nəticələri - ÖZƏL

Azərbaycanın  ayrı-ayrı  rayonlarında  yas  mərasimlərində  yemək  süfrələrinin  ləvğ  edilməsi  ictimaiyyət  tərəfindən  müsbət  qarşılanır. Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Olaylar.az-a açıqlamasında bildirib ki, yas mərasimlərinin yaratdığı zərər təkcə onu keçirən ailəyə deyil, ümumilikdə cəmiyyətədir:

"Bu məsələ uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur. Əlbəttə ki, ehsan artıq elə bir vəziyyətə çatıb ki, sosial yarış xarakteri alıb. İnsanlar imkanlarından asılı olmayaraq, bəzən kredit götürərək "qonşudan geri qalmamaq" adı ilə dəbdəbəli yas mərasimləri təşkil edirlər. Bu, heç də yaxşı hal deyil.
Ən yaxşı üsul - imkanlı şəxslərin təvazökar nümunələr göstərməsidir. Əgər onlar yas və toy mərasimlərini sadə şəkildə keçirsələr, bu, aztəminatlı insanlar üçün də daha yaxşı olar. Onlar düşünəcəklər ki, əgər imkanı yaxşı olanlar belə dəbdəbəyə getmirlərsə, biz niyə gedək?
Bu baxımdan, mütləq şəkildə imkanlı insanların nümunəvi addımlar atması vacibdir. Artıq bir neçə rayonda ehsan mərasimlərinin ləğv olunması çox müsbət haldır. Bu proses davam etdirilməlidir. Burada medianın rolu da misilsizdir və bu təşəbbüs daha da təşviq olunmalıdır.
Hesab edirəm ki, yas mərasimlərinin yaratdığı zərər təkcə onu keçirən ailəyə deyil, ümumilikdə cəmiyyətədir. Bu mərasimlər əslində yalnız mərasim zalı sahiblərinin işinə yarayır. Həm şadlıq saraylarında, həm də yas mərasimləri keçirilən evlərdə israfçılıqdan, lüzumsuz xərclərdən azad olmaq üçün cəmiyyət birlik göstərməlidir. Əgər mətbuat bu məsələni davamlı və ardıcıl şəkildə gündəmdə saxlayarsa, məqsədə nail ola bilərik. Daha sivil, daha təvazökar bir cəmiyyətə çevrilə bilərik. Beləcə, bu sosial yarışdan - "qonşudan geri qalmayaq" düşüncəsindən qurtula bilərik.
Bu cür yanaşmalar ailədaxili münaqişələrə də səbəb olur. İnsan bəzən bilmir nə etsin. Halbuki bizim ənənələrimizdə belə idi ki, yası olan insan nə yemək bişirərdi, nə də hər hansı bir iş görərdi. Qonşular, yaxınlar ona dəstək olardılar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
70
olaylar.az

1Mənbələr