AZ

Hörmət yalnız tələb olunmur, qazanılır: Bakının Moskvaya SƏSSİZ MESAJI nədən xəbər verir?

“Kreml nümayəndəsi Dmitri Peskovun son açıqlamaları Rusiyanın atdığı addımları görməzdən gəlib, Azərbaycanın verdiyi cavabları qeyri-adekvat kimi təqdim etməyə çalışdığını göstərir. Halbuki baş verənlərə obyektiv yanaşılarsa, hər bir addımın qarşılıqlı xarakter daşıdığı aydın görünər”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.

O bildirib ki, əgər Peskovun “hörmət” deyərkən istinad etdiyi məsələ rus dili və rus kimliyinə verilən dəyərdirsə, bu zaman qarşılıqlılıq prinsipi də nəzərə alınmalıdır:

“Azərbaycanda 300-dən çox rusdilli məktəbin fəaliyyəti buna bariz nümunədir. Amma Rusiya Federasiyasında yaşayan milyonlarla azərbaycanlı üçün Azərbaycan dilində heç bir təhsil müəssisəsinin olmaması, bu hörmətin qarşılıqlı olmadığını göstərir. Əgər məqsəd sadəcə dilin yaşadılmasıdırsa, bu birtərəfli yanaşma ilə izah edilə bilməz”.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin sağlam və qarşılıqlı hörmətə əsaslanan platformada davam etməsi üçün Moskva bu kimi məsələlərdə daha həssas və balanslı mövqe ortaya qoymalıdır:

“Əks halda, tərəflər arasında etimadın zədələnməsi qaçılmazdır.Digər bir tərəfdən, Azərbaycan ərazisində yaşayan rus əsilli vətəndaşların hüquqları tam şəkildə qorunur və dövlətin qanunları çərçivəsində tənzimlənir. Azərbaycanda heç bir etnik və ya dini qrup təzyiqə məruz qalmır. Hətta erməniəsilli şəxslərin belə hüquqları təmin olunur və onlara qarşı hər hansı ayrı-seçkilik müşahidə edilmir. Bu baxımdan, Azərbaycanın milli və etnik münasibətlərə dair yanaşması bir çox ölkələr üçün nümunə sayıla bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
83
editor.az

1Mənbələr