BAKI, 24 iyul. TELEQRAF
Şəmkir rayonunda 2007-ci il təvəllüdlü Cəlil qısqanclıq zəminində mübahisə zamanı 1973-cü il təvəllüdlü həmkəndlisi Elmarı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Cəlil 17 yaşlı bacısına Elmarın sevgi etirafları etdiyini, narahatlıq yaratdığını və onu qorxutduğunu eşidib.
Elmar həmçinin 2022-ci il aprelin 25-də gizlincə təqsirləndirilən şəxsin evinə girib.
Cəlil qisas məqsədilə onu öldürmək qərarına gəlib. 18 yanvar 2024-cü ildə saat 15 radələrində Şəmkir rayonunun kəndindəki şadlıq sarayında kiçik toy məclisində üzərindəki cib bıçağı ilə arxa tərəfdən Elmara yaxınlaşıb, qardaşının gözü qarşısında ona zərbələr vurub.
Bir neçə bıçaq zərbəsi alan Elmar xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım alan yaralının həyatını xilas etmək mümkün olub.
“Düşünməzdim ki, bacımı yoldan çıxarmaq istəyər”
İstintaq orqanı tərəfindən Cəlilin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq - bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər Elmarın yanında işləyib, onun ustası olub:
“Elmarın evimizə girəcəyini, bacımı yoldan çıxarmağa çalışacağını ağlıma gətirməmişdim. Hadisə baş verən gün restorana getmişdim. Özümü saxlaya bilmədim, evimizə girdiyinə görə onu cəzalandırmaq üçün vurdum. Ardınca polisə təslim oldum”.
“Deyib, gəl otur maşına, yoxsa atanı öldürəcəm”
Cəlil ifadəsində göstərib ki, Elmarın dəfələrlə bacısına sataşdığını eşidib: “Bacıma “gəl otur maşına, oturmasan, atanı öldürəcəm” söyləyirmiş. Bacımın 14-15 yaşı var, onu qorxutmaq istəyirmiş.
Həmçinin bacıma içərisində pul olan məktub göndərib. Kiril əlifbasında olan məktuba nə yazıldığını bilmədim. Məktubu tapdıqdan sonra anamla polisə getdik və izahat verdik.
Bu hadisədən sonra Elmarı ilk dəfə toyda gördüm. Həmin vaxta qədər onunla qarşılaşmamışdım. Əvvəlcədən onu vurmaq fikrim yoxuydu. Elmarı vurduğum bıçaq sexdə işləyəndə lazım olduğu üçün arabir onu üzərimdə gəzdirirdim”.
“Niyyətim onu məhz qulağından vurmaq idi”
Cəlilin ifadəsinə görə, Elmarın toya gələcəyindən xəbərsiz olub: “Məclisdə görəndə onu cəzalandırmaq istədim. Elmarın qardaşı başqa kənddə yaşayır, onu sonradan tanıdım.
Hadisə zamanı heç nə soruşmadan Elmarın qulaq nahiyəsindən vurdum. Amma neçə bıçaq vurduğumu bilmədim. Niyyətim onu məhz qulağından vurmaq idi. Zərbə mən istəmədən boynunu tutdu. Elmarı bıçaqladıqdan sonra qardaşı mənə stul atdı.
Hadisədən sonra qohumumla polis şöbəsinə gedərək təslim oldum. Bıçağı da polis əməkdaşlarına verdim”.
“Dilim tutuldu, danışa bilmədim”
İş üzrə izahat verən təqsirləndirilən şəxsin bacısı Almazın sözlərinə görə, Elmar ona dəfələrlə hədə-qorxu gəlib, qorxudub:
“Məndən ona yaxınlaşmağımı, ondan pul götürməyimi tələb edirdi. Dediklərini etməsəm məni də, ailəmi də kənddə biabır edəcəyini söyləyirdi. Məni dəfələrlə təhdid edir, məktub yazaraq mənə çatdırmağa çalışırdı. Yazdığı məktubun içinə pul da qoyurdu.
Qorxduğum üçün Elmarın elədiklərinin heç birini ailəmə deyə bilmirdim. Daha sonra o, evimizə girdi, ayaqqabımın içərisinə pul qoydu. Ayaqqabıma pul və əlyazma məktub qoyub getmişdi.
Məktəbə, yaxud hazırlığa gedəndə Elmar maşınla arxamca düşürdü. Məni məktəbə aparmaq istəyirdi. Lakin onun maşınına minməmişəm. Olanları anama dedikdən sonra qorxduğum üçün 6 ay dilim tutuldu, danışa bilmədim. Bu səbəbdən Bakıya xəstəxanaya getməli oldum”.
Yeniyetməlik yaşına çatmayan qız bildirib ki, Elmarın ona pulu hansı məqsədlə verdiyini bilməyib, onların telefon əlaqələri olmayıb: “Dəfələrlə evimizə girmişdi. Yolda mənə yaxınlaşanda qardaşım Cəlilin istədiyi vaxt gələrək onun yanında işləyə biləcəyini deyirdi.
Toyda olan hadisə ilə bağlı heç nə bilməmişəm. Həmin vaxt hazırlıq kursunda olmuşam”.
“Hadisə zamanı heç nə başa düşmədim”
Zərərçəkmiş qismində ifadə verən Elmarın sözlərinə görə, toy məclisində oturan zaman Cəlilin ofsiantlardan biri olduğunu düşünüb: “Hadisə baş verəndə heç nə başa düşmədim, bir də gözümü açdım ki, xəstəxanadayam. Təqsirləndirilən şəxslə aramızda əvvəllər problem olmayıb. Onunla qohumluq əsasında tanış olmuşuq. Qızımın biri Cəlilin əmisi oğlu ilə evlidir”.
Elmar ifadəsində bildirib ki, hadisə qonşu ailənin övladının kiçik toy mərasimində baş verib: “Toya ailə üzvlərimlə getmişdim. Cəlili bıçaqla üzümə və qollarıma vurdu. Çölə çıxaraq insanlardan məni xəstəxanaya aparmalarını istədim.
Məni xəstəxanaya qonşum və qızım çatdırdı. Mənə 5 bıçaq zərbəsi vurulmuşdu”.
“Başımı aşağı salaraq keçmişəm”
Zərərçəkmiş şəxsin sözlərinə görə, hadisədən bir müddət əvvəl Cəlilin babası Əli onun evinə gəlib: “Dedi ki, səni Cəlilgilin həyətinə girəndə görmüşəm. Mən isə həmin vaxt ümumiyyətlə kənddə olmadığımı söylədim. Bu hadisədən sonra Əli ilə münasibətlərimiz əvvəlki kimi davam etdi.
Cəlil mənim yanımdakı işdən çıxmışdı. Onunla sonralar qarşılaşsaq da, mənə heç nə demədi. Cəlilin özü ilə və ya babası Əli ilə qarşılaşanda salamlaşmırdım, başımı aşağı salıb keçib gedirdim”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cəlil 6 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.