Maraqlıdır, Qurani-Kərim və digər dini mənbələrdə yas mərasimlərində ehsan verilməsi ilə bağlı konkret göstəriş varmı, yoxsa bu daha çox yerli ənənə kimi formalaşıb? İslamda israfın haram sayıldığını nəzərə alsaq, bu gün keçirilən yas ehsanları nə dərəcədə dini baxımdan uyğundur?
Mövzu ilə bağlı ilahiyyatçı Rüfət Qarayev Olaylar.az-a bildirib ki, islamda əsas vacib əməl dəfndir, ehsan isə israfa çevrilməməli, yük yox, savab niyyəti daşımalıdır:
"İslamda vacib olan əsas əməl - dünyasını dəyişmiş şəxsin dəfn mərasimində iştirak etməkdir. Üç gün yas saxlamaq isə müstəhəbdir, yəni savab sayılan bir əməldir. Həmin günlərdə mərhumun yaxınları özləri yemək hazırlayar, hüzr sahibinə yük olmamaq şərtilə insanlar başsağlığına gələr və onun kədərinə şərik olarlar. Amma bu gün cəmiyyətimizdə formalaşan adətlərə baxanda görürük ki, insanlar bəzən maddi imkanları olsa da, olmasa da borca girərək, hətta bankdan kredit götürərək yaxınları üçün ehsan verirlər. Təbii ki, bu, dinimizdə bəyənilən bir hal deyil. Əlbəttə, insan ehsan verməklə yaxşılıq etmiş olur. Bu vasitə ilə həm dünyasını dəyişmiş şəxs üçün savab qazandırır, həm də ehsanda iştirak edən insanların da savabına şərik olur. Amma bu ehsan borc və ya maddi sıxıntı ilə ediləcəksə, yalnız "el qınağı"ndan qorunmaq naminə veriləcəksə, bu, din baxımından məqbul deyil. Ona görə də insanların dini hökmləri düzgün bilməsi çox vacibdir. Əsas vacib məsuliyyət dünyasını dəyişmiş şəxsin dəfnini yerinə yetirməkdir və bu məsələdə səhlənkarlıq yolverilməzdir. Daha sonrakı günlərdə isə sadə bir çay süfrəsi və yüngül ikramlarla ehsan vermək mümkündür. Cümə axşamları, qırx mərasimi, il mərasimi kimi adətlərin də keçirilməsi mümkündür - amma yalnız yüngül formada, hüzr sahibinə yük yaratmamaq şərtilə. Unutmaq olmaz ki, Qurani-Kərimdə buyurulur: "Allah israf edənləri sevməz." Hüzr məclislərində həddindən artıq, uyğun olmayan formada israfçılıqla ehsanlar vermək nəinki savab qazandırır, əksinə, cəmiyyətdə bir yarış mühiti yaradır. Beləliklə, bir ailə ehsan verdikdən sonra digər ailə də məcbur qalır ki, eyni şəkildə ehsan versin. Bu isə dinimizin ruhuna ziddir və bəyənilən bir davranış sayılmır".
Səidə Ramazanova