Politoloq İlyas Hüseynov Olaylar.az-a bildirib ki, ayrı-ayrı güc mərkəzlərinin regionda cəmləşməsi geosiyasi qarşıdurmalara və gərginliklərə səbəb ola bilər:
"Öncə qeyd etmək lazımdır ki, İspaniya mətbuatının yaydığı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Amma artıq uzun müddətdir ki, ABŞ-nin özəl qurumunun Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində təhlükəsizliyə zəmanət verəcəyi ilə bağlı fikirlər dolaşmaqdadır. Bu fikirlərin mövcudluğu onu deməyə əsas verir ki, ABŞ-nin regionda maraqları var və əsas məsələ Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasıdır. ABŞ-nin siyasəti də məhz bu istiqamətdə formalaşır. Hesab edirəm ki, bu və ya digər formada Zəngəzur dəhlizinin açılışı həyata keçiriləcək. Ermənistanın bu dəhlizin açılmasına qarşı çıxmaq cəhdləri isə iflasa uğrayacaq. Dəhlizin təhlükəsizliyinə zəmanət verilməsi də olduqca önəmli məsələdir.
Digər tərəfdən, baxmayaraq ki, Ermənistan-Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin və sərhəd qoşunlarının dəhlizdə təhlükəsizliyə zəmanət verməkdən yayınması müşahidə olunur, təhlükəsizlik məsələsi çox vacibdir. Yaxşı olardı ki, ayrı-ayrı geosiyasi mərkəzlərin regionda "təhlükəsizlik" adı altında iştirakı olmasın. Azərbaycan bu istiqamətdə qəti fikrini dəfələrlə ifadə edib. Yəni, Azərbaycanın ərazisində hansısa güc mərkəzinin bu və ya digər formada iştirakı yolverilməzdir. Amma Ermənistanın öz ərazisində ABŞ qüvvələrinin, xüsusilə də muzdlu qüvvələrin dəhlizin təhlükəsizliyini təmin etməsi və ya güc tətbiq etmək səlahiyyətinə malik olması onların suveren qərarı ola bilər. Lakin düşünmək lazımdır ki, ayrı-ayrı güc mərkəzlərinin regionda cəmləşməsi geosiyasi qarşıdurmalara və gərginliklərə səbəb ola bilər.
Bu baxımdan ABŞ-nin burada "özəl qurum" adı altında iştirakı məsələsinə Çinin reaksiyası necə olacaq, bu da olduqca maraqlıdır. Çünki Çinin "Kəmər və Yol" konsepsiyası da Zəngəzur dəhlizini əhatə edir və bu məsələ bu baxımdan geosiyasi problemlərə yol aça bilər".
Zeynəb Mustafazadə