Azərbaycan Mərkəzi Bankı (AMB) əmək haqqının istənilən bankdan alınması ilə bağlı iş aparır və bu, ilin sonuna qədər mümkün ola bilər.
Operativ Media xəbər verir ki, bu barədə məsələnin iqtisadçı-ekspert Əkrəm Həsənov AMB-nin sədri Taleh Kazımovla keçirilən görüşdə müzakirə olunduğunu bildirib.
"Dünən Mərkəzi Bankın sədri ilə 13 ekspertin görüşü keçirildi. Bu görüş ənənəni dəyişdi. Əvvəllər ildə iki görüş olurdu. Bu görüş isə cari ildə artıq ikinci idi. Taleh Kazımov hər mətbuat konfransından sonra ekspertlərlə görüşü ənənəyə çevirməyi təklif etdi. Bu isə o deməkdir ki, ildə dörd görüş olacaq. Əsas odur ki, görüşlər səmimi və açıq müzakirə şəraitində keçir, baş bankir heç bir sualdan yayınmır, mövqeyini tam və dolğun bildirir. Dünənki görüşdə pul siyasəti, manatın məzənnəsi, kart hesablarından pulların oğurlanması və s. aktual məsələlər ətrafında keçdi. Ötən görüşdə qaldırılan məsələnin aqibəti ilə maraqlandım. Söhbət işçilərin istənilən bankdan əmək haqqı kartı ala bilməsi imkanından gedir. Taleh müəllim bildirdi ki, bu istiqmətdə iş gedir və ilin sonuna nəticə gözlənilir", - o əlavə edib.