Tərtər, 24 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Hisslərim bir-birinə qarışıb – sevinirəm, kövrəlirəm, şükür edirəm. İllərlə müxtəlif yerlərdə çətin şəraitdə yurd həsrəti ilə yaşadım. İndi isə doğma yurda qayıdıram.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Şahlar Cabbarov söyləyib.
“Prezidentimizə minnətdaram. Allah dövlətimizi, Ordumuzu qorusun. Artıq köçkünlük həyatımız sona çatır. Bundan sonra doğma Qarabağımızda öz evimizdə yaşayacağıq. 32 ildən sonra bu yerlərə qayıtmaq mənim üçün bir möcüzədir. Sanki yenidən doğuluram. Artıq Qarabağımızda yeni həyatımız başlayır”, - deyə o bildirib.