Bu gün şəhidlərin ruhu şaddır.
Bunu "Report"un Ağdərəyə ezam olunan əməkdaşı ilə söhbətində Həsənriz kəndinin sakini Xəyyam Fətəliyev deyib.
O, doğma yurda qayıdışın sevinc hisslərini bölüşüb.
"İşğaldan azad edilən yurdumuza dönürük, şəhidlərimizin qanı ilə yoğrulan torpağımızın yaralarına məlhəm olmağa gedirik", - o qeyd edib
X.Fətəliyev kənddən çıxanda azyaşlı olub. Hərbi xidmət zamanı isə bir neçə dəfə yaralanıb.
"Biz kənddən məcburi köçkün düşəndə mənim 6 yaşım vardı. Köçkün düşəndən sonra Yevlaxda məskunlaşdıq. Oradan 2005-ci ildə həqiqi hərbi xidmətə yola düşdüm. Naxçıvanda hərbi xidmətdə olarkən 2006-cı ildə ayağımdan yaralandım. Sonra müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidməti davam etdirmişəm. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda savaşda sol böyrümdən yaralandım. Buna baxmayaraq, yenə də xidmətimi davam etdirdim. 2018-ci ildə hərbi xidmətə Ağcabədi istiqamətində davam edərkən minaya düşdüm, bir müddət sonra ayağımdan güllə yarası da aldım. Amma xidməti davam etdirməkdən çəkinmədim. 2020-ci ildə Talış istiqamətində gedən döyüşlərdə isə gözümü itirdim", - o vurğulayıb.
Kənd sakini əlavə edib ki, bu gün şəhid olan silahdaşlarının da ruhu şaddır: "Çünki onların zəhməti hədər getmədi. Uğrunda qan tökdükləri torpaqlarda indi gül-çiçək bitir".