Cənubi Qafqazda qüvvələr balansı sürətlə dəyişir. Ermənistan uzun illər dayandığı siyasi dayaqları yenidən nəzərdən keçirir, xüsusilə Rusiya ilə münasibətlərdə müşahidə olunan gərgin fon diqqətdən yayınmır. Son dövrlərdə Moskvanın İrəvana qarşı daha sərt və susqun mövqeyi, paralel olaraq konkret hərbi addımlar atması, iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
Bu kontekstdə Rusiya hərbi təyyarələrinin Ermənistana artan intensivlikdə etdiyi uçuşlar, Kremldə yığılan narazılığın “təhlükəsizlik siqnalı”na çevrildiyini göstərir. Ermənistan daxilindəki siyasi manevrlər, oliqarx çevrələrinə və dini institutlara qarşı sərt addımlar da həm yerli, həm də beynəlxalq aktorların diqqət mərkəzindədir.
Bütün bunlar fonunda ortaya çıxan əsas sual budur: Moskva bu mesajlarla nə demək istəyir və Paşinyanın cavab planı nədir?
Mövzu ilə bağlı Editor.az-a danışan politoloq, diplomat Fikrət Sadıxov bildirib ki, Ermənistanın Rusiyadan uzaqlaşma meyli artıq bir siyasi reallıq kimi qəbul olunur:
“Baş nazir Nikol Paşinyan anlayır ki, illərdir Rusiya orbitində qalan Ermənistan regional və beynəlxalq səviyyədə təcrid vəziyyətinə düşüb. Əgər o, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmazsa, bu təcrid daha da dərinləşə bilər.
Eyni zamanda, Paşinyan öz hakimiyyətini sığortalamaq üçün müxtəlif istiqamətlərdə addımlar atır. Son dövrlərdə bir sıra oliqarx və kilsə nümayəndələrinin həbsi də bu prosesin tərkib hissəsidir. Bu fiqurların bir çoxu Moskva ilə əlaqəli olub və Kremlin Ermənistandakı təsir rıçaqlarının bir parçası sayılır.
Buna baxmayaraq, Paşinyan tam şəkildə Rusiyanın boyunduruğundan çıxmağa cəsarət etmir. Çünki o, daxili sabitliyin pozulmasından ehtiyat edir. Rusiya isə təzyiq vasitələrini itirmək istəmir və bunun üçün hərbi uçuşlar, siyasi siqnallar və iqtisadi asılılıq kartlarını dövriyyəyə buraxır. Paşinyan isə bu balanslı gedişlər arasında Avropa İttifaqı ilə yaxınlaşmaqla siyasi alternativ yaratmağa çalışır”.
//Gülnarə Abasova, Editor.az