Ajans.az xəbər verir ki, Ukraynada qəbul edilmiş, Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (XAP) səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdıran qanun, bu orqanların müstəqilliyi ilə bağlı ciddi suallar doğurur. Bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer "Politico"ya açıqlamasında bildirib. İsveçin XİN rəhbəri, bu antikorrupsiya orqanlarının nəzarətinin prezident Vladimir Zelenski tərəfindən təyin edilmiş baş prokurora verilməsini onların müstəqilliyinə ciddi zərbə kimi dəyərləndirib. İyulun 22-də, Ukrayna parlamenti – Verxovna Rada – bu qanun layihəsini qəbul edib və elə həmin gün sənəd prezident Zelenski tərəfindən imzalanıb. Qanun faktiki olaraq antikorrupsiya strukturlarını müstəqillikdən məhrum edir. Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna hakimiyyəti Zelenskini müdafiə etməyə çalışıb və Qərb ölkələrinə onun hakimiyyəti zəbt etmədiyini sübut etməyə cəhd göstərib. Ukraynanın Avropa və Avroatlantik inteqrasiya üzrə vitse-premyeri Taras Kaçka və prezident komandasının digər yüksək vəzifəli üzvləri Qərb diplomatlarına zənglər edib və mesajlar göndərərək Zelenskini müdafiə etməyə çalışıblar