Bakı, 24 iyul, AZƏRTAC
“Sabah”ın III təsnifat mərhələsinə yüksələcəyinə inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün “Petrokub” (Moldova) və “Sabah” komandaları arasında keçiriləcək ilk oyun barədə danışarkən deyib.
Veteran qapıçı Azərbaycan təmsilçisinin hər iki görüşdə layiqli mübarizə aparacağına inandığını bildirib: “Artıq “Selye” ilə oyunlarda olan səhvlərə də baxılıb və komandanın həm Moldovada, həm də Bakıda uğurlu çıxış edəcəyinə inanıram. “Sabah”ın heyətində keyfiyyətli futbolçular kifayət qədər var. Bu da komandamız üçün əlavə üstünlükdür. Baş məşqçi Valdas Dambrauskas yeni gəlib, özünü göstərmək istəyir. Təcrübəli mütəxəssidir. O da artıq müəyyən dəsti-xətt qurub”.
Qeyd edək ki, "Petrokub" - "Sabah" matçı bu gün Kişineudakı "Zimbru" stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda təşkil olunacaq.