Kolumbiya Universiteti Tramp administrasiyasının mart ayında ləğv etdiyi 400 milyon dollarlıq federal qrantın böyük bir hissəsini geri ala bilmək üçün hökumətə 200 milyon dollar ödəməyi qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Maliyyənin kəsilməsi, universitetin Fələstinə dəstək aksiyalarından sonra yəhudi tələbələrə qarşı ayrı-seçkiliyin qarşısını almaqda yetərsiz qalması iddialarına əsaslanırdı.
Universitetin müvəqqəti rektoru Kler Şipman açıqlama verib. O bildirib: “Bu razılaşma, intensiv federal nəzarət və institusional qeyri-müəyyənlik dövründən sonra atılmış mühüm bir addımdır”.
ABŞ Prezidenti Donald Tramp isə çərşənbə axşamı "Truth Social" platformasında paylaşım edərək razılaşmanı alqışlayıb və universitetlər üzərindəki təzyiqlərin davam edəcəyinə də işarə verib:
“Amerika xalqının vergiləri ilə maliyyələşən və ədalətsiz şəkildə davranan bir çox ali təhsil müəssisəsi hələ növbədədir”.